Ağzını söyüşlə açanların yaramazlığı…
Ən böyük sosial şəbəkələrin qərargahlaşdığı ölkənin – ABŞ-ın Prezidenti həmin sosial şəbəkələrlə bağlı bir sərəncama imza atıb.
Sosial şəbəkələr deyərkən:
Feysbuk - Yaranıb: fevral, 2004, Kembric, Massaçusets, ABŞ;
Yutub - Yaranıb: 14 fevral, 2005, San mateo, kaliforniya, ABŞ;
Tvitter – Yaranıb: 21 mart 2006, San-Fransisko, Kaliforniya, ABŞ;
İnstaqram - Yaranıb: oktyabr, 2010. Sahibi: Feysbuk.
Bəli, son 16 ilin icadları olan sosial şəbəkələr artıq elə bir inkişaf (və görünür həm də, “inkişaf”!) mərhələsinə gəlib çıxdı, insanların, cəmiyyətin (və görünür, həm də, dövlətlərin!) həyatına elə daxil oldu ki, onlar haqqında yeni yanaşmalara, qərarlara ehtiyac yarandı; budur, söz-söhbətlər aləmi başına götürdü və 28 may 2020-ci ildə məhz ABŞ-da, məhz prezident səviyyəsində ciddi hüquqi münasibətlə qarşılaşdı: Prezident Donald Tramp “Onlayn senzuradan müdafiə barədə” Sərəncam imzaladı.
Nə baş verir? Bu Sərəncamın mahiyyəti nədən ibarətdir?
Diqqət edək:
- Feysbuk, Yutub, Tvitter və İnstaqram informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələrlə insanların baxışlarını istədikləri istiqamətdə cəm etməyə, yönləndirməyə (formalaşdırmağa) çalışır;
- Sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir;
- Onlayn platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyil;
- Onlayn platformaların genişlənməsi və təsirini hədsiz artırması onların fəaliyyətinin tənzimlənməsini zəruri edir;
- Daha ümumi şəkildə desək, nəhəng sosial media şirkətləri öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyur, bununla da “təhlükəli güc” tətbiq edir;
- Bütün bunlar isə ABŞ qanunlarına, özəlliklə “Kommunikasiya Etikası Qanunu”nun 230-cu bəndinə uyğun gəlmir. Ona görə də ABŞ-ın bu sahədə toxunulmazlığının sınırları aydınlaşdırılmalıdır;
- ABŞ Prezidentinə görə, özəlliklə, Tvitter ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir;
- Trampın bu mövqeyi sosial şəbəkə yaradıcıları, çoxmilyonlu istifadəçilərin hamısı tərəfindən eyni məhəbbətlə qarşılana bilməz, əlbəttə; əlbəttə, razılaşanlar, anlayış göstərənlərlə yanaşı, tərəddüd edib, daha yeni izah və qərarlara ümid edənlər də, razı qalmayanlar, qarşı çıxanlar da olacaq.
Ancaq gəlin etiraf edək, bütün hallarda, sosial şəbəkələr (özəlliklə, yuxarıda adı keçənlər) nəhəng təsir gücünə malikdir və sosial şəbəkələrin hüquqi tənzimlənməsinin vacibliyi bugün ABŞ-ın özündə dərindən dərk olunursa, sabah-birisigün bu planda idrak prosesi bütün ölkələri əhatə edəcək.
- Necə bilirsiz, ABŞ boyda, ABŞ güc və nüfuzda ölkənin prezidenti belə bir narahtlıqları bölüşürsə, bu narahatlıqlar başqa – özəlliklə, inkişaf etməkdə olan ölkələrə şamil deyilmi? Bəs, müstəqillik tarixi cavan ölkələrə necə?
Yəqin heç təsadüfi deyil ki, artıq Avropada da bir sıra dövlətlər (örnəyi, Almaniya) sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib (və proses davam edir);
- Sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada “feyk” bilgilərin, mənəvi-əxlaqi normalara uyğun gəlməyən materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin, digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil edilməsinə, siyasi təlatümlər yaradılmasına münbit ortam yaradır;
- Elə bizim öz respublikamız özü dəfələrlə xarici antiazərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar üzərindən qərəzli kampaniyalarına məruz qalmayıbmı? Ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam etmirmi?
– Ağzını söyüşlə açıb, qarğışla yumanların “yuvalandığı” (demək olar, yatıb-durduğu) yer olan sosial şəbəkələr… necə deyərlər, isitmir, yandırır; bir az da obrazlaşdırıb böyütsək, “atom elektrik enerjisi” vermir, “atom bombası”na dönüşür, sanki;
- Azərbaycanın özünəxas siyasət yürüdən bir müstəqil dövlət kimi beynəlxalq arenada nüfuzunun artması antiazərbaycan və bərabərindəki ermənipərəst dairələri, əlbəttə, rahatsız edir, bu rahatsızlıqlar səbəbindən də ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil olunur;
- İnternet azadlığı heç bir vəchlə digər azadlıqları sıxışdırmamalı, gözardı (istərsəniz, qulaqardı, vicdanardı deyək…) etməməlidir, burada dəngənin təmin edilməsi (yaxud qorunması) üçün hüquq tənzimləmələri qaçılmazdır;
- Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı dartışmaların getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələrin qəbul olunduğu, yeni qanunların qəbuluna hazırlıq getdiyi bir vaxtda, belə bir ritorik sual meydana çıxır: respublikamız bu qlobal prosesdən qıraqda qala biləcəkmi? Qalmalıdırmı? Yoxsa, ümumdünya “e-nizam”ına öz töhfələrini verməyəmi çalışmalıdır?
Elə bilirəm, bizimçün bu planda ən önəmli məsələlər ərazi bütövlüyümüzlə, suverenliyimizlə, dövlət atributlarımızla bağlıdır. Hər kəlmələri terrorla “error” verənlərin, bayaq da vurğuladğımız kimi, ağzını söyüşlə açıb, qarğışla yumanların yaramazlığı da, separatçıların, işğalçı zehniyyətlilərin müxtəlif təxribatları da, daha nələr, nələr də, insan hüquqlarına, ümumxalq maraqlarına, Vətən və ali dövlət çıxarlarına uyğun, bəşəri çağırışlara cavab verən tərzdə “çəki-düzən”ə gətirilməlidir.
Elə deyilmi?..