ABŞ-da yaşayan azərbaycanlı alim vəfat etdi - FOTO
Tanınmış azərbaycanlı biokimyaçı alim, ABŞ-ın Ayova Universitetinin əməkdaşı Həkim Muradov vəfat edib.
AMEA-dan Oxu.Az-a verilən xəbərə görə, Həkim Hüseyn oğlu Muradov 29 oktyabr 1958-ci ildə Şəkidə anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini bitirdikdən sonra AMEA-da Bioloji Tədqiqatlar Mərkəzində təyinatla işə başlayıb və tez bir zamanda Moskva şəhərinə ezam edilib.
Həkim SSRİ Elmlər Akademiyasının vitse-prezidenti, akademik Y.A.Ovçinnikovun rəhbərlik etdiyi Zülalların Bioüzvükimyası Laboratoriyasında elmi tədqiqata başlayıb. Fototransduksiya kaskadı zülallarının ilkin quruluşunun müəyyən edilməsi bölməsində fəaliyyətə başlayan Həkim qısa müddət ərzində 100-dən artıq əməkdaşı olan laboratoriyada bacarığı və zəhmətkeşliyi ilə özünü tanıdıb, hamının sevimlisinə çevrilib.
Tədqiqatları bitirib 1989-cu ildə uğurla müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru dərəcəsini qazanıb. Bakıya qayıtmalı olduğu halda, aspirantı olduğu institutun rəhbərliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə əlaqə yaradaraq gənc alim Həkim Muradovun Moskva vilayətinin Puşşino şəhərində yerləşən dünya miqyaslı bioloji elmi mərkəzdə tədqiqatlarını davam etdirmək üçün razılığa nail olublar və onu mənzillə təmin ediblər.
Bir müddət Puşşino şəhərində işlədikdən sonra Həkim Muradov Bakıya qayıdıb və akademik Cəlal Əliyevin şöbəsində baş elmi işçi vəzifəsində işə başlayıbş, sonralar “Molekulyar biologiya” laboratoriyasının müdiri olub. 1994-cü ildə artıq zülallar bioüzvükimyası haqqında fundamental məqalələri ilə tanınan tədqiqatçı Həkim Muradovu İsraildə olan Weizmann Elm İnstitutuna dəvət ediblər.
1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Ayova ştatında yerləşən eyniadlı universitet onun axırıncı iş yeri olub. Tədqiqatçı alim Həkim Muradov bütün elmi fəaliyyətini onurğalıların göz kaskadında torlu qişanın biokimya və molekulyar biologiyasına, xüsusi olaraq fotoreseptor hüceyrələrinin işığa uyğunlaşma yolları və onlarda iştirak eden zülalların öyrənilməsinə həsr edib.