Kürdəmirdə “ASAN xidmət” mərkəzinin tikintisi üçün 20 milyon manatdan çox vəsait ayrılıb
Prezident İlham Əliyev Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.25.1-ci yarımbəndində göstərilmiş məbləğin 20 145 000 (iyirmi milyon yüz qırx beş min) manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.
Sərəncamda Nazirlər Kabineti və Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.