FHN-in Qarabağ və Şərqi Zəngəzurdakı qurumlarının və hərbi hissəsinin maddi-texniki bazası gücləndirilir
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumlarının, həmçinin “N” saylı hərbi hissənin ən müasir texnika və avandanlıqlarla komplektləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılır”.
Bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov “Azərbaycan qəzeti”nə müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə mümkün fövqəladə halların vaxtında xəbərdar edilməsi və nəticələrinin çevik aradan qaldırılması işinin təmin edilməsi məqsədilə nazirliyin müvafiq strukturlarının fəaliyyəti təşkil edilib:
“2021-ci ilin yanvar ayından başlayaraq, FHN-in müvafiq qüvvələri Ağdam və Füzuli rayonlarında minatəmizləmə əməliyyatlarında fəal iştirak edirlər. Bu işin sürətləndirilməsi məqsədilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı hərbi hissəsi yaradılıb”.
Nazir qeyd edib ki, FHN-in peşəkar fəaliyyəti Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistanla apardığı 44 günlük Vətən müharibəsi zamanı özünü xüsusilə göstərib:
“Belə ki, həmin günlərdə nazirliyin qüvvə və vasitələri digər aidiyyəti dövlət orqanları ilə birgə səfərbər olunub, əhalinin mülki müdafiəsi və təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülüb. Nazirliyin yanğın-xilasetmə qüvvələri Ermənistan tərəfindən mülki obyektlərə, o cümlədən insanların sıx yaşadığı yaşayış məntəqələrinə endirilən mərmi və raket zərbələri nəticəsində yaranan dağıntı və yanğınların operativ aradan qaldırılmasını, zərərçəkmişlərin xilas edilməsi və təxliyəsini uğurla həyata keçiriblər. Bundan əlavə, həm müharibə günlərində, həm də müharibədən sonrakı dövrdə psixoloji dəstəyə ehtiyacı olan vətəndaşlarımıza yardım işi təşkil olunub. Bu məqsədlə Türkiyədən dəvət olunmuş psixoloqlarla birlikdə psixoloji problemlər yaşayan müharibə iştirakçılarına, o cümlədən qazilərə, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinə, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanlara psixoloji dəstək göstərilib, onların reabilitasiyası təmin olunub”.