Rusiya yenə ilhaq planına əl atdı - Qonşu ölkənin ərazisi birləşdirilir
Rusiya qanunvericiləri 20 il əvvəl qəbul edilmiş sazişə uyğun olaraq ərazisi Ukrayna və Rusiya arasında bölüşdürülmüş Azov dənizini ilhaq etməyi planlaşdırır.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Rusiya Dövlət Duması Azov dənizinin “Rusiyanın daxili su hövzəsi” kimi tanınması haqda qanun layihəsini ilin sonunadək təsdiqləməyi planlaşdırır.
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun analitiklərinin fikrincə, belə bir addım çox güman işğal olunmuş Krım və Xersonun, Zaporoje və Donetskin qanunsuz ilhaqının tanınmasına zəmin yaratmaq üçündür.
Rusiya və Ukrayna 20 il əvvəl təxminən 25 min kvadratkilometr əraziyə malik Azov dənizinin daxili su hövzəsi olması müddəasını özündə əks etdirən müqavilə imzalamışdı. Qərar dənizdə hər iki ölkənin gəmilərinə sərbəst hərəkət hüququ vermişdi.
Fevralda Ali Rada Moskvanın Azov dənizi ilə bağlı bütün məsələlərin ikitərəfli və ya sülh yolu ilə həll edilməsi müddəasını pozduğunu bildirərək, müqaviləni denonsasiya edib. Kiyev həmçinin bəyan edib ki, müqavilədə Rusiya hərbi gəmilərinin dənizdə sərbəst hərəkətinə icazə verilməsi Ukraynanın milli təhlükəsizliyinə təhlükə yaradır.
Prezident Vladimir Putin Donetsk, Luqansk, Xerson və Zaporoje vilayətlərinin bir hissəsini Rusiyaya ilhaq etməsindən sonra Ukraynanın Azov dənizində sahilyanı dövlət statusunu itirdiyini bildirərək, müqaviləni də ləğv edən qanunu imzalayıb.