NATO-nun Moskvaya qarşı siyasətinə yenidən baxma planına Rusiyadan reaksiya
Rusiya NATO-nun Moskvaya qarşı siyasətinə yenidən baxarkən Qərb siyasətçilərinin sağlam düşüncəsinə ümid edir.
Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin bildirib.
O, Şimali Atlantika Alyansının Moskva ilə yeni qarşılıqlı fəaliyyət strategiyasını müzakirə etmək planlarına cavab verib.
“Biz yalnız ümid edə bilərik ki, NATO liderlərinin başına sağlam düşüncə gələcək və onlar beynəlxalq vəziyyətin böyük dünya müharibəsinə doğru sürüşməsini ciddi qiymətləndirəcəklər. Bəzi simptomlar Avropa ölkələrində və Avropa parlamentlərində görünür. Biz bunu hiss edirik, nəzarət edirik. Bu tendensiyaların daha mənalı parametrlər almağa başladığını görmək qalır. Qalanını isə hadisələrin inkişafı özü göstərəcək, biz bu müzakirəni gözləyəcəyik”, - senator bildirib.
"Politico" mənbələrə istinadən yazır ki, NATO-nun müdafiə nazirləri gələn həftə alyansın Rusiyaya qarşı uzunmüddətli siyasətinin nəzərdən keçirilməsini müzakirə edəcəklər. Materialda bir neçə aydır ki, bu məsələ ilə bağlı müzakirələrin aparıldığı bildirilir. İyul ayında keçirilən sammitdə ittifaq ölkələri 2025-ci ilin yayında Haaqada keçiriləcək növbəti görüş üçün yeni strategiya hazırlamaq barədə razılığa gəliblər.