Şanlı Zəfər Tariximizə adını yazan qazimiz Ayaz Əfəndiyev
Bir ömrə sığmayan 44 gün – İkinci Qarabağ müharibəsi şanlı zəfər tariximizin silinməz qan yaddaşıdır. Haqq savaşımız 30 ildən sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə birlikdə şəhidlərimiz və qazilərimizin göstərdiyi sonsuz şücaət və igidlik ilə zəfər zirvəsinə çatmışdır. Bu dəfəki həmsöhbətimiz Vətən müharibəsi iştirakçısı və qazisi Ayaz Əfəndiyevdir. Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən başlanılan “ Unutmayaq, unutdurmayaq” adlı çağırışa
qoşulub və TSİİ-nin maliyyə və iqtisad şöbəsinin baş məsləhətçisi olan Ayaz Əfəndiyev Vətənimizin müdafiəsi üçün ilk könüllülərdən olub.
Ayaz Əfəndiyev Bakı şəhərində doğulub və ziyalı ailəsində boya başa çatıb. Atası tanınmış riyaziyyatçı, riyaziyyat üzrə elmlər doktoru, BMU-nun Riyaziyyat kafedrasının müdiri Rakib Əfəndiyev, anası müəllimə, bacısı isə həkimdir. Ayaz Əfəndiyev Azərbaycan Texniki Universitetinin məzunudur.
Ayaz deyir ki, “Axşam saat 23:00 da xəbər gəldi ki, səhər saat 4:00 da hərbi komissarlıqda olmalısız və yollandım. İlk öncə Füzuli istiqamətində döyüşlərdə olduq və biz yerimizi dəyişirdik: Füzuli,Cəbrayıl, Füzuli, daha sonra Xocavənd istiqamətində qızğın döyüşlərdə düşmənlə vuruşurduq. Cəbrayıl istiqamətində vuruşarkən 20 km-lik dik bir ərazini qalxırdıq və 2 gün idi ki, təminat gəlmirdi. Şəxsi heyətdə yemək və su problemi olurdu, ümumiyyətlə döyüş zamanı təminat maşınları əraziyə daxil ola bilmirdi. Biz ermənilərin təminat maşınlarını tapdıq, oradan su çıxdı və sevindik. Bizdən soruşurlar ki, döyüş zamanı hansı hissləri yaşamısız və mənim cavabım qisas almaq hissi və torpaqlarımızı azad etmək olub. Biz bir dəfə mühasirəyə düşəndə bura qədər dedim, ancaq oradan da çıxa bildik. Döyüşlər çox şiddətli idi və hər yan toz duman, göz gözü görmür və mən yaralandım. Sağ tərəfimə munemyot adlı bomba düşdü, qəlpələri qolumun sağ tərəfini, belimi və ayaqlarımı tutdu və yaralı vəziyyətdə orada 2 gün qaldım. Dəfələrlə ölümlə üz-üzə gəlsəm də möcüzə nəticəsində həyatda qala bildim. Döyüşlər zamanı əl, qolunu, ayağını itirən, bir çox zədə alan yoldaşlarımız olurdu və döyüş meydanından çox sayda əsgər yoldaşımı xilas etməyə nail olmuşam. Cənab prezidentimiz İlham Əliyevin idarəçiliyi altında torpaqlarımızın azad edilməsi Azərbaycan xalqı üçün qürurverici bir hissdir”.
Ayaz Əfəndiyev döyüşdə xüsusi şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “ Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Ayaz Əfəndiyevin timsalında bütün qazilərimizi təbrik edir, ordumuza daha böyük uğurlar, xalqımıza isə əbədi əmin-amanlıq diləyirik.
"Bizimlider.com" İnformasiya Xəbər Portalının şöbə müdiri: Kəmalə İsmayılova