Azərbaycan Ermənistanın ətraf mühitə vurduğu ziyana görə ekspertlərlə məlumat mübadiləsi aparır
Azərbaycan Ermənistanın ətraf mühitə vurduğu ziyana görə cəzalandırılması üçün ekspertlərlə birgə məlumat mübadiləsi aparır.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
O, nazirlik tərəfindən Şuşa rayonu ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbiət əraziləri, eləcə də Xocalı və Şuşa rayonlarının inzibati ərazisində nadir təbiət komplekslərinin, xüsusilə tarixi və paleontoloji abidələrin qorunması və etalon ərazi kimi saxlanılması məqsədilə 1988-ci ildə yaradılmış Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin yenidən bərpası istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib:
“Rayon ərazisində mövcud olmuş 8 526 ha meşə fondu sahəsinin meşə ilə örtülü 2 972,8 hektarı və Daşaltı Dövlət Təbiət Yasaqlığının (ümumi sahəsi 450 ha) 50 hektarı məhv edilib. 1990-cı illərdə qeydiyyata alınmış səkkiz mineral-xammal yatağından dördü istismar edilib. Ermənistan tərəfindən 30 illik işğal dövründə ətraf mühitə vurulmuş ziyana görə beynəlxalq hüquqi müstəvidə qiymət verilməsi ilə əlaqədar məsələyə cəlb olunmuş ekspertlərlə birgə məlumat mübadiləsi aparılır”.