Vahid tələbə kartı: Endirimlərdən kimlər yararlanacaqlar və hansı aydan paylanacaq?
Universitetlərdə vahid tələbə kartının yaradılması layihəsi təqdim olunub və endirim imkanı verən bu kartlar bu dərs ilindən etibarən I kurs tələbələrinə paylanacaq.
Vahid tələbə kartı ilə bağlı Oxu.Az-ın suallarını Təhsilin İnkişafı Fondunun ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova cavablandırıb.
- Nərgiz xanım, qeyd olunub ki, layihədə 15 universitet iştirak edəcək. O universitetlərin adlarını öyrənə bilərikmi?
- Həmin universitetlərlə müqavilələr hələ imzalanma mərhələsində olduğu üçün tam siyahı daha sonra açıqlanacaq.
- Bəs bilmək olarmı, niyə məhz 15 universitet?
- İlk növbədə layihəyə Elm və Təhsil Nazirliyinin tabeliyində və Bakıda olan universitetlər (eləcə də onların regionlarda olan filialları) qoşulublar. Daha sonra regionlarda yerləşən ali təhsil müəssisələri də prosesə cəlb ediləcəklər.
- Nərgiz xanım, bu il 55 656 nəfər ali məktəbə qəbul olub. Sifariş olunan kartların sayı isə 150 mindir. Kartların yuxarı kursların tələbələrinə verilməsi də planlaşdırılıb?
- Bəli, kartlar oktyabr ayından etibarən mərhələli şəkildə I, II, III, IV kurs tələbələrinə, eləcə də magistraturanın I və II kurs tələbələrinə veriləcək.
- Niyə məhz oktyabr ayından?
- Hazırda sifariş edilən 150 min kart istehsal prosesindədir. Oktyabrdan verilmə səbəbi odur ki, qəbul prosesi hələ davam edir. Gözləyirik ki, qəbul tamamilə yekunlaşsın. Sonra ali təhsil müəssisələri müəyyən siyahıları bizə göndərməlidirlər. Biz isə o siyahıları müvafiq banka yönləndirməliyik. Yəni bütün bu işlər texniki olaraq müəyyən vaxt tələb edir. Məhz bu səbəbdən də kartların verilməsi oktyabr ayının ortaları üçün nəzərdə tutulub.
- Əgər tələbə sessiyadan kəsilərsə, bu, kartdakı güzəştləri ləğv edirmi?
- Xeyr. Kartdakı güzəştlər ləğv olunmayacaq.
- Vahid tələbə kartları yalnız əyani təhsil üçün nəzərdə tutulub, yoxsa qiyabi təhsil alanlara da aiddir?
- Kart ölkə üzrə bütün universitetlərin tələbələri üçün nəzərdə tutulub. Yəni buraya əyani, qiyabi, ödənişli və ödənişsiz əsaslarla təhsil alan tələbələr daxildir.
- Gediş haqqı ilə bağlı kartda nə qədər güzəşt nəzərdə tutulub? Məsələn, bu gün ictimai nəqliyyatda gediş haqqı minimum 50 qəpikdir, bəs kartı olan tələbələr nə qədər ödəyəcəklər?
- Hazırda nəqliyyatla bağlı konkret təklif yoxdur. Amma müəyyən addımlar atılır, qurumlarla görüşlər keçirilir. Bu istiqamətdə endirimlərin, güzəştlərin əldə olunmasına cəhd edirik.
- Nərgiz xanım, kartlarla bağlı mətbuatda iki ad hallanır - vahid tələbə kartı və "TələbəPlus" kartı. Bunlar eyni kartdır, yoxsa başqa-başqadır?
- Xeyr, eyni kartdır. Sadəcə, adı təzəlikcə təsdiq olunub deyə bəzi xəbərlərdə vahid tələbə kartı idi. İndi artıq "TələbəPlus" kartı adlandırılır.