Miqrenlə bağlı XƏBƏRDARLIQ: "Adi baş ağrısı deyil"
Miqren yalnız adi baş ağrısı deyil, müxtəlif problemlərlə müşayiət olunan və həyat keyfiyyətinə ciddi təsir edən kompleks nevroloji xəstəlikdir. Miqren təkcə baş ağrısı ilə məhdudlaşmır, xəstələr buna məruz qaldıqdan sonra əvvəl görmə pozğunluqları, tinnitus (qulaqda küy) və hətta hallüsinasiya kimi simptomlar yaşaya bilərlər.
Publika.az "Euronews"a istinadla xəbər verir ki, mövzuyla bağlı nevrologiya və elektronevrofiziologiya mütəxəssisi Mələk Özarslan məlumat verib.
M.Özarslan bildirib ki, miqren genetik bir xəstəlik olaraq, xüsusilə qadınlarda daha çox rast gəlinir: “Lancet Neurology Journal”da dərc edilən bir araşdırmaya görə, dünya üzrə 1 milyarddan çox insan miqrendən əziyyət çəkir. Miqrenin xüsusilə qadınlarda hormonal dəyişikliklərlə bağlı olduğu vurğulanır, hamiləlik və menopauza dövründə miqren ağrıları daha şiddətli olur. Miqrenin baş ağrısına səbəb olan əsas faktorları beynin qan damarlarının genişlənməsi və sinir liflərindən müxtəlif kimyəvi maddələrin sərbəst buraxılmasıdır. Ağrı adətən boyun nahiyəsindən başlayır və başın digər hissələrinə yayılır. Miqrenin təsiredici faktorları fərqli ola bilər”.
M.Özarslan bəzi qidaların, o cümlədən pendir, şokolad, quru paxlalılar və spirtli içkilərin miqren tutmalarını artırdığını bildirib: “Eyni zamanda, yuxu rejiminin pozulması, emosional gərginlik, çox sıx idman və parlaq işıqlar da miqren tutmalarına səbəb ola bilər. Miqren bəzi insanlar üçün yaradıcılıqla da əlaqəlidir. Miqren zamanı beyin strukturlarında dəyişikliklər baş verə bilər və bu, yaradıcılıq prosesinə təsir edər. Buna görə də bir çox yazıçı və şairlərin əsərlərini miqren tutmaları dövründə yaratdığı söylənilir. Miqren müalicəsində fərdi yanaşma vacibdir. Hazırda bununla bağlı yeni profilaktik peyvəndlər və dərmanlar tədqiqat mərhələsindədir. 2023-cü ildə aparılan bir araşdırma, baş ağrısı başlamazdan əvvəl qəbul edilən “ubrogepant” adlı dərmanın miqren tutmalarını əhəmiyyətli dərəcədə azaltdığını göstərib. Bundan əlavə, botoks müalicəsi də xroniki miqrenin qarşısını almaqda təsirli sayılır. Sistematik araşdırmalara görə, botoks müalicəsi bir çox xəstədə miqren tutmalarının tezliyini və şiddətini azaldır”.
M.Özarslanın sözlərinə görə, miqren genetik xarakter daşısa da, onu taleyə çevirmək lazım deyil: “Düzgün müalicə və həyat tərzinin tənzimlənməsi ilə miqrenin idarə edilməsi mümkündür. Miqrenli xəstələrdə yüngül idman, kifayət qədər su içmək və düzgün qidalanma kimi profilaktik tədbirlər tutmaların tezliyini azalda bilər”.