bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İnsanların müalicə hüququ kobud şəkildə pozulur - ARAŞDIRMA

26-01-2025, 21:00 0 dəfə baxılıb

 Son günlər əhali arasında geniş yayılan yeni növ qrip virusu narahatlığa səbəb olub. Mütəxəssislər təşvişə düşməyə ciddi əsas olmadığını bildirirlər. Bununla yanaşı, hər hansı narahatlığı olan şəxslərə virusdan qorunmaq üçün evdə qalmaları, işə getməmələri tövsiyə edilir. Amma müşahidələr göstərir ki, hazırda çalışan vətəndaşların bülletenə çıxması ilə bağlı problemlər var. Xəstələrdən poliklinikaya gəlmələri tələb olunur. Bəzən poliklinikaya müayinəyə gedənlərə "ciddi bir ağırlaşma yoxdur, bülleten aça bilmərik" cavabı verilir.

Bəs görəsən, xəstəyə bülleten açılması üçün təsdiqlənmiş prosedur necədir? Hansı hallarda bülleten açılmasından imtina edilə bilər?

Bizimlider "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Maksimum altı gün

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Kaspi"nin sorğusuna cavab olaraq bildirilib ki, xəstəlik vərəqəsinin verilməsi qaydaları Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli "Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi" haqqında təlimatı ilə tənzimlənir: "Sığortaolunanın tibb müəssisəsinə xəstəlik və ya xəsarət nəticəsində müraciəti əsasında əmək qabiliyyətini müvəqqəti itirdikdə xəstəlik vərəqəsi həmin gündən tibb müəssisəsinin həkimi tərəfindən hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya xəsarət üzrə 6 gündən artıq olmayaraq tərtib edə bilər. Məlumat üçün bildirək ki, vətəndaşın səhhətində ağırlaşma baş verərsə və nəticədə o, tibb müəssisəsinə müraciət etməzsə, bu zaman tibb müəssisəsinə çağırış verilməli və evdə həkim baxışı həyata keçirilməlidir. Bu zaman xəstəlik vərəqəsi 3 gün müddətinə açılır. Növbəti mərhələdə vətəndaşın səhhəti onun tibb müəssisəsinə müraciət etməsinə mane olarsa, bu zaman yenidən çağırış verilməli və xəstəlik vərəqəsi növbəti 3 gün müddətinə uzadılmalıdır".

Qurumun məlumatında o da vurğulanıb ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin altı gündən çox artırılması Həkim Məsləhət Komissiyasının rəyi əsasında uzadılır. Altı gündən sonra vətəndaşın ümumi vəziyyəti kafi olmazsa, Həkim Məsləhət Komissiyasına göndərilir. Bu zaman xəstəlik vərəqəsi laborator, eləcə də instrumental analizlərin nəticəsi əsasında uzadıla bilər. Lakin vətəndaş mütləq altıncı gün tibb müəssisəsinə gəlməli və müvafiq analizlər verməli, tələb olunan halda instrumental müayinələrə cəlb edilməlidir.

Hansı halda imtina edilə bilər?

Həkim-terapevt Rasif Bağırov deyib ki, xəstəyə bülleten açılması barədə qərar həkim tərəfindən verilməlidir: "Bununla bağlı ilkin olaraq xəstə tibb müəssisəsinə müraciət etməlidir. Bu zaman həkim xəstəni müayinə edir və xəstəlik diaqnozu qoyur. Əgər xəstəlik iş qabiliyyətinə təsir edirsə, həkim bülleten açılmasını əsaslandırır. Xəstəlik vərəqəsi yalnız akkreditə olunmuş tibb müəssisələri tərəfindən verilir. Bülleten xəstənin adını, soyadını, atasının adını, xəstəliyin başlama tarixini və müddətini, diaqnozunu və həkimin adını ehtiva edir. Xəstəliyin davam etməsi halında bülletenin müddəti uzadılır. Tam sağalma halında isə həkim bülletendə "bağlandı" qeydi aparır və iş qabiliyyətinin bərpa olunduğunu göstərir. Xəstəlik vərəqəsi işəgötürənə təqdim edilir".

Onun sözlərinə görə, xəstəliyin ağırlığından asılı olaraq, xəstəyə müalicə müddəti təyin olunur və bülleten açılır: "Tutaq ki, xəstənin temperaturu və öskürəyi varsa, amma ağciyərlərində hansısa dəyişiklik baş verməyibsə, ona bir həftəlik bülleten açılır və ev şəraitində müalicə kursu yazılır. Amma xəstənin temperaturu yoxdursa, ağciyərlərində dəyişiklik baş verməyibsə, sadəcə halsızlıq və bədən ağrıları varsa, o, dərmanlarını qəbul edərək işinə davam edə bilər. Bu halda bülleten açılmasından imtina edilir. Yaxud, xəstənin yüksək təzyiqi varsa, ona ilkin olaraq üç günlük bülleten açılmalı və müalicəsi aparılmalıdır".

İnsanların müalicə almaq hüququ kobud şəkildə pozulur

Həkim bildirib ki, bəzən idarə və müəssisələr bülleten açdırmaq istəyən xəstə əməkdaşlarını işdən qovmaqla hədələyirlər: "Demək olar ki, bu tendensiya geniş yayılıb. Əksər idarə və müəssisələrdə xəstə əməkdaşları işə gəlməyə məcbur edirlər. Hətta bəzən qanunsuz şəkildə işçiləri işdən qovmaqla hədələyirlər. Halbuki hər bir xəstə insanın müalicə almaq hüququ var. İnsanların bu hüququ kobud şəkildə pozulur".

Mütəxəssis vurğulayıb ki, işəgötürənlərin bülleten açdırmaq istəyən xəstə əməkdaşlarına hədə-qorxu gəlməsi səbəbsiz deyil: "Məsələn, elə müəssisələr var ki, 2-3 adamın işi bir nəfərə tapşırılır. Həmin şəxs də işə getməyəndə iş prosesi pozulur. Ona görə də işəgötürənlər müxtəlif yollarla işçilərini xəstə-xəstə işə çıxmağa məcbur edirlər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031