bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Vətən müharibəsində tarix yazdıq.

13-02-2025, 13:30 6 dəfə baxılıb

Dağlıq Qarabağın Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olması heç kim tərəfindən şübhə altına alına bilməz. Çünki tarixi mənbələrə nəzər saldıqda bu ərazidə qədim yer adlarının türk mənşəli olması bunu sübut edir. Ermənilərin Qarabağ ərazisində məskunlaşdırılması 1828-ci il 10 fevralda Rusiya və Qacarlar imperiyası arasında bağlanan Türkmənçay müqaviləsinə əsasən aparılmışdır. Müqaviləyə əsasən Osmanlı və Qacar ərazisindən ermənilər İrəvan,  Naxçıvan, Zəngəzur və Qarabağ ərazisinə köçürülmüşdür. Ermənilərin köçürülməsində məqsəd etnik dayaq yaratmaq, xristianlaşdırmaq siyasəti olmuşdur. Daha sonrakı dövrlərdə də Rusiya imperiyasının məqsədyönlü siyasəti nəticəsində  ərazidə yaşayan ermənilərin sayı artırılmışdır. Beləliklə, Rusiya imperiyası 1917-ci ildə dağıldığı zaman bölgədə önəmli sayda erməni vardı. Lakin azərbaycanlılar hələ də çoxluq təşkil edirdilər.

1923-cü ildə Sovet hakimiyyəti dövründə Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bu da həmin ərazilərdə separatçılıq meyllərinin baş verməsinə gətirib çıxarmışdır. Problemin kökündə isə XIX əsrdən başlayaraq Qarabağa köçürülən ermənilərin Azərbaycan torpaqlarına yiyələnmək iddiası dururdu.

Dağlıq  Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və təxribatları ilə başlamışdır. 1988-ci ildə DQMV-nin xalq Deputatları Sovetinin iclasında erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan  SSR-nin tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdilər. Bu qərara etiraz edən azərbaycanlıların qətlə yetirilməsi münaqişənin genişlənməsinə  səbəb oldu. Günü-gündən daha da genişlənən erməni təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazisinin 20 faizi – Dağlıq Qarabağ və ona bitişik yeddi rayon işğal olundu. Nəticədə 1 milyondan artıq insan öz yurd-yuvalarından didərgin düşdü.

İşğal edilmiş ərazilərdə qədim dövr və orta əsrlərə aid maddi-mədəniyyət abidələrimiz ya dağıdılaraq məhv edilmiş, ya da tarixi saxtalaşdırılmışdır.

30 ilə yaxın problemin sülh yolu ilə həll edilməsinə səy göstərməyən erməni siyasi hərbi rejimi işğalçı mövqeyindən əl çəkməyərək işğal olunmuş bölgələrimizin yaxınlığında yerləşən mülki əhalini tez-tez ağır artilleriya silahları ilə atəşə tutmuşdur. Bu da uzun illərdən bəri səbrlə dözən, qan tökülmədən bu problemi həll etməyə çalışan Azərbaycanın  səbr kasasını daşdırdı. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 2020-ci il 27 sentyabrda növbəti erməni təxribatının qarşısını nəinki aldı, eyni zamanda işğalda olan Füzuli və Cəbrayıl rayonlarının 7 kəndini, Murovdağ zirvəsini və Suqovaşanı işğaldan azad etdi.

Azərbaycan ordusu Vətən müharibəsi getdiyi müddətdə döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu.

Azərbaycan Ordusu dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.

Müharibə getdiyi müddətdə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev öz çıxışlarında Azərbaycanın hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirmişdir. Lakin atəşkəsi 3 dəfə pozan rəsmi İrəvan öz təxribatlarını dayanmadan  davam etdirmişdir. Erməni hərbiçilərinin hədəfi hər zaman  olduğu kimi mülki əhali olmuşdur. Bu isə terror aktı kimi qiymətləndirilir. Dinc sakinlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Bütün dövrlərdə olduğu kimi rəsmi İrəvan bu dəfə də başqa  ölkələrin arxasında gizlənərək öz çirkin əməllərini həyata keçirməyə  çalışmışdır. Lakin Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin başçılığı altında ordumuz mənfur düşmənə qalib gəlmişdir.

Şəfəq Balıyeva
Akif Abdullayev adına 211 saylı tam orta məktəbin  təlim- tərbiyə işləri üzrə direktor  müavini






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728