bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, əbədiliyinin, sarsılmazlığının, dönməzliyinin təmin olunması

18-02-2025, 14:00 1 dəfə baxılıb

 Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il respublikamızda “Konstitusiya və Suverenlik İli” elan olunub. Milli dövlətçilik dəyərlərimizə, siyasi tariximizə ali ehtiramın təcəssümü olan bu qərar siyasi irsimizin, müstəqillik salnaməmizin, suverenlik mübarizəmizin, torpaqlarımızın azad edilməsi nəticəsində konstitusion hüquqlarımızın tam bərpasının dərindən öyrənilməsi və təbliği, bu istiqamətlərdə yeni siyasi-elmi araşdırmaların aparılması, yeni inkişaf mərhələsində qarşımızda dayanan ideoloji vəzifələrin müəyyən edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Tarixdə şəxsiyyətlərin rolu danılmazdır. Öz əməlləri ilə mənsub olduğu xalqın taleyini, tarixini dəyişdirmiş, milli kimliyini qürur və fəxarət mənbəyinə çevirmiş şəxsiyyətlər xalqının milli yaddaşında əbədiyaşarlıq hüququ qazanmışdır. Bu gün müstəqil kimliyi və öz dövləti ilə dünya səhnəsində yer alan xalqların taleyini də məhz belə tarixi şəxsiyyətlər müəyyənləşdirmişdir. Azərbaycan xalqı üçün belə möhtəşəm əməllərə imza atmış şəxsiyyət və böyük lider isə şübhəsiz ki, Ulu Öndər Heydər Əliyev olmuşdur. Təsadüfi deyil ki, bu gün Heydər Əliyevin adı müstəqil və suveren Azərbaycanın simvolu kimi səslənir. Çünki Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil Azərbaycan dövlətini qurmaq olmuş və o, müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində xalqımızın azadlıq və müstəqillik ideallarını gerçəkləşdirməyə nail olmuşdur.

Konstitusiya hər bir sivil ölkənin əsas qanunu kimi ən ali hüquqi qüvvəyə malikdir. Bu sənəd dövlətin quruluşunun və təməlinin prinsiplərini, cəmiyyətin siyasi, hüquqi və iqtisadi əsaslarını təsbit etməklə, həm də vətəndaş hüquqlarını özündə əks etdirir, ölkənin inkişaf prioritetlərini müəyyən edir. Konstitusiya özünün ali hüquqi xüsusiyyətləri ilə hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir.

Azərbaycan Konstitusiyası dövlət və cəmiyyətin təşkilinin demokratik prinsiplərini ehtiva etməklə ictimai həyatın bütün sferalarında, o cümlədən siyasi, iqtisadi, sosial-mədəni və mənəvi sferalarda yeni məzmunlu münasibətlərin formalaşmasını, insan və cəmiyyət, vətəndaş və dövlət münasibətlərində insan və vətəndaşın fərqli üstün mövqeyini və bununla da insanın cəmiyyət və dövlət həyatında aparıcı rolunu müəyyən etdi. Sovet hüquq doktrinasından fərqli olaraq artıq insan, onun hüquq və azadlıqları ali dəyərlər kimi tanınmağa, dövlət tərəfindən onlara dəyər verilməyə başlandı. Azərbaycanın yeni Konstitusiyası hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun əsaslarını müəyyən etdi, yeni siyasi və hüquqi sistemin yaradılmasına yol açdı. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncamda deyildiyi kimi bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.

Beş bölmədən ibarət olan ibarət olan Azərbaycan Konstitusiyası dövlətin əsas hüquqi sənədidir və burada aşağıdakı əsas prinsiplər əhatə olunub:

1. Dövlət Suverenliyi və Müstəqillik: Konstitusiyada Azərbaycanın müstəqil, demokratik və hüquqi dövlət olduğu təsbit edilir. Dövlətin suverenliyi və müstəqilliyi təmin edilir.

2. Hüquqi Dövlət Prinsipi: Azərbaycan Konstitusiyası hüquqi dövlət prinsipini əsas götürür, yəni hüquqi normaların və qanunların ali olması və hər kəsin qanun qarşısında bərabər olması.

3. İnsan Hüquqları və Azadlıqları: Konstitusiya insan hüquqları və əsas azadlıqları, o cümlədən sərbəst hərəkət etmək, söz azadlığı, din azadlığı, mətbuat azadlığı kimi azadlıqları qoruyur. Konstitusiyada hər bir vətəndaşın təhsil, səhiyyə və sosial təminat hüquqları təmin edilir.

4. Dövlət Hakimiyyətinin Bölünməsi: Azərbaycan Konstitusiyasında dövlət hakimiyyəti üç qol üzrə bölünür: qanunverici (Milli Məclis), icra (Prezident) və məhkəmə. Bu prinsipin məqsədi hər bir hakimiyyət qolu arasında balans və qarşılıqlı nəzarətin təmin edilməsidir.

Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etməyə həsr etmiş Ümummilli Lider Heydər Əliyev daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, yüksək idarəetmə bacarığına söykənərək çox qətiyyətli, müdrik qərarlar qəbul etmiş, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmiş, ölkəmizin və xalqımızın milli inkişafını təmin etmişdir. O, hələ Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin müstəqilliyinin sütunlarını yaratmağa başlamış, bütün fəaliyyətini bu istiqamətə yönəltmiş, müasir Azərbaycanın bugünkü reallıqlarını və etibarlı əsaslarını qura bilmişdir.
1969-82-ci illərdə Ulu Öndərin respublikamızın sosial-iqtisadi, mədəni yüksəlişi üçün gördüyü işlər, milli ruhun və milli özünüdərkin inkişafı, xalqımızın tarixi yaddaşının özünə qaytarılması və milli şüurun oyanışı, azərbaycançılıq məfkurəsinin ideoloji sütuna çevrilməsi kimi fundamental məsələlərin çox dəqiqliklə və cəsarətlə həllini tapması, milli ziyalı təbəqəsinin formalaşdırılması istiqamətində atdığı addımlar Azərbaycanın gələcəkdə müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan respublika kimi mövcudluğuna zəmin hazırlayan düşünülmüş tədbirlər olmuşdur. Həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına yönəldilərək gələcək müstəqilliyimizin təmin olunmasına əsas yaratmışdır. Bu dövrdə keçmiş ittifaq miqyasında tanınmış ali məktəblərə göndərilən azərbaycanlı gənclər sonradan müstəqillik illərində ölkəmizin yenidən qurulmasında fəal iştirak etmiş, həmçinin Ulu Öndərin şəxsi təşəbbüsü ilə respublikamızda formalaşdırılmış hərbi kadr potensialı müstəqil Azərbaycan Ordusunun yaranmasında da mühüm rol oynamışdır. Milli mədəniyyət, milli tarix, milli-mənəviyyat məsələlərində müstəqillik elementləri qabarıq şəkildə ortaya qoyulmuşdur.
1982-ci ilin dekabrında Siyasi Büronun üzvü seçilərək SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilən Ulu Öndər Heydər Əliyev bu vəzifədə də daim xalqımızın mənafelərini qorumuş, Azərbaycana qarşı erməni millətçiliyinin və onların dəstəkçilərinin təxribatlarının qarşısını qətiyyətlə almışdır. Bu isə həm də o deməkdir ki, Heydər Əliyev harada çalışmasından asılı olmayaraq, həmişə xalqına, Vətəninə sədaqətlə xidmət etmiş, doğma Azərbaycanı ilə əlaqələrini kəsməmiş, respublikanın inkişafı üçün əlindən gələni əsirgəməmişdir.

Ötən əsrin 80-ci illərinin sonlarında dünyada tamamilə fərqli bir mənzərə formalaşmışdı. Yeni geosiyasi düzənə transformasiya sürətlənmiş, yeni qlobal dəyərlər sistemi meydana çıxmağa başlamışdır. Bu proseslər fonunda keçmiş ittifaq daxilində də xalqların müstəqillik arzuları baş qaldırmışdır. Doğrudur, ittifaqın süquta uğraması və müstəqil dövlətlərin həyata vəsiqə qazanması heç də asan yolla başa gəlməmişdir. Azərbaycan xalqı üçün də öz müstəqil dövlətini qurmaq, azadlıq ideallarına qovuşmaq çox gərgin, faciəli hadisələrin nəticəsində mümkün olmuşdur. 1990-cı ilin 20 Yanvar hadisələrini proseslərin dönüm nöqtəsi hesab etmək olar. Həmin dövrdə də yenə məhz Ulu Öndər Heydər Əliyev xalqının yanında olmuş, 20 Yanvar faciəsinin ertəsi günü Kreml rejiminin təqiblərinə baxmayaraq, öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bəyanat vermiş, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmiş, daha sonra SSRİ rəhbərliyinin apardığı siyasət nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti də Azərbaycanın dövlət müstəqilliyinə doğru irəliləməsində bayraqdar rolu oynamışdır. Həmin dövrdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək, "Sovet Sosialist” sözləri oradan çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir. Həmçinin Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, Azərbaycanda da eyni qərar qəbul olunsun. Bundan başqa, 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə muxtar respublikada məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir.
Bunlar Azərbaycan xalqının lideri tərəfindən müstəqillik uğrunda atılan növbəti addımlar kimi qiymətləndirilir.
Çox təəssüf ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda mövcud olan hakimiyyət boşluğu, dövlət idarəçilik sükanını mənimsəyən və müəyyən dairələrin direktivləri ilə hərəkət edən qrupların, siyasi hakimiyyəti qeyri-qanuni, antidemokratik yolla ələ keçirən qüvvələrin yarıtmaz fəaliyyəti yenicə əldə olunmuş müstəqilliyi itirmək, Azərbaycan xalqının azadlıq ideallarından, müstəqillik kimi tarixi nailiyyətdən məhrum olmaq təhlükəsi yaratmışdı. 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunsa da, bu müstəqilliyi qoruyub saxlamaq üçün dövlətçiliyin əsasları yaradılmamış, cəmiyyətdə milli həmrəylik, milli birlik təmin olunmamışdır. Azərbaycanda hökm sürən hərc-mərclik, cinayətkarlığın artması respublikamızın həyatının bütün sahələrinə böyük zərbələr vurmuş, ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxarmışdır. İqtisadiyyat tamamilə məhv edilmiş, ciddi maliyyə böhranı meydana çıxmış, xarici siyasət sahəsində qeyri-sağlam vəziyyət yaranmışdır. Buna paralel olaraq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti getdikcə genişlənmiş, 1993-cü ilin may-iyun aylarında ölkəmizdə siyasi böhran son həddə çatmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.

Qeyd etmək lazımdır ki, suverenlik və ya suverenitet ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə, Konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir. Hər bir xalq üçün öz suverenliyinə sahib olmaq, hər bir insan üçün müstəqil dövlətin vətəndaşı olmaq ən böyük milli sərvətdir.

Azərbaycanın zəngin dövlətçilik irsi, tarixən mövcud olmuş müstəqil dövlətlərimiz həm də xalqımızın suverenlik irsidir. Suverenlik həm də elə bir irsdir ki, hətta əsarət altında olanda belə insanların hafizələrindən, yaddaşlarından silinmir, nəsildən nəsilə ötürülərək yaşadılır. Təsadüfi deyil ki, tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın suverenlik və müstəqil dövlətçilik əzmini sarsıda bilməyib. Bu baxımdan hələ 1918-ci ildə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın çoxəsrlik siyasi-ictimai fikrindən irəli gələn milli oyanışa və dirçəlişə əsaslanmışdı. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisində dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Cümhuriyyətin müstəqil və suveren dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren respublikamızıq ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və xalqımızın çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu. Bunun ardınca Azərbaycan 1806-1828-ci illərdə olduğu kimi, yenidən Rusiya tərəfindən ilhaq edildi.

Əlbəttə, müstəqillik və suverenlik hissini və arzusunu Azərbaycan xalqının milli yaddaşından silib atmaq mümkün deyildi. Təsadüfi deyil ki, Azərbaycan xalqı hələ sovet dövlətinin mövcud olduğu dövrdə öz azadlığı uğrunda mübarizəyə başlamışdı. Bu mənada 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası yalnız SSRİ-nin çöküşünün və mövcudiyyətinə son qoymasının nəticəsi deyildi. Azərbaycanın dövlət müstəqilliyinin bərpası həm də xalqımızın apardığı milli-azadlıq mücadiləsi prosesinin məntiqi nəticəsi idi.

1918-ci il mayın 28-də Milli Şuranın qəbul etdiyi İstiqlal Bəyannaməsini, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq, Ali Sovet tərəfindən 1991-ci il oktyabrın 18-də qəbul olunan "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə müasir Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini və suverenliyini elan etdi. 1991-ci il dekabrın 29-da isə respublikamızda ümumxalq referendumu keçirildi və əhalinin 95 faizi bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi. Bununla da Azərbaycan Respublikasının müstəqillik haqqında Konstitusiya Aktı qüvvəyə mindi və XX əsrin sonlarında, SSRİ-nin süqutu ilə başlanan yeni geosiyasi dövrdə ölkəmiz öz istiqlaliyyətini Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa etdi.

Lakin Azərbaycanın müasir müstəqilliyinə gedən yol öz başlanğıcını yalnız 80-ci illərin sonunda baş qaldıran xalq hərəkatından götürməmişdi. Bu istiqamətdə milli-ideoloji proseslər hələ 70-ci illərdən özünü göstərməyə başlamışdı. Belə ki, o dövrdə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı işlər, nail olduğu inkişaf tendensiyası birbaşa və ya açıq şəkildə dövlət müstəqilliyinin bərpası fikrini bəyan etməsə də, bütün bunların alt qatında Azərbaycanın dövlət müstəqilliyi ideyalarının formalaşmasına xidmət edən gerçəkliklər vardı. Məhz həmin dövrdən etibarən Azərbaycanın gələcək müstəqilliyinin strateji əsaslarının hazırlanması prosesi başlanmışdı. Bu gün həmin tarixi analiz edəndə, araşdıranda başqa nəticəyə gəlmək ümumiyyətlə qeyri-mümkündür.

Beləliklə Azərbaycanda sovet hakimiyyəti illərində Heydər Əliyevin böyük səyi və gərgin fəaliyyəti ilə yaradılmış güclü iqtisadi potensialın mövcudluğu və milli oyanışdan irəli gələn müstəqil dövlətçilik əzmi ötən əsrin 80-ci illərinin sonlarından etibarən xalqımızın müstəqillik uğrunda mübarizəsini şərtləndirən tarixi amillər kimi özünü göstərmişdi. Onu da xüsusilə qeyd etməliyik ki, həmin dövrdə başlayan milli-azadlıq mücadiləsini yeni mərhələyə yüksəldən, onu dönməz edən, bu prosesə qoşulan insanları daha da cəsarətləndirən, vahid ideya ətrafında sıx birləşdirən də Heydər Əliyevin dahiliyi, xarizması, yüksək siyasi liderlik keyfiyyətləri idi. Belə ki, SSRİ rəhbərliyinin fəaliyyətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verən Ulu Öndər Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana gəlişindən sonra respublikamızda başlanmış dövlət müstəqilliyimizin bərpası uğrunda mücadilə tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoydu. Bu dövrün əsas xüsusiyyətləri ondan ibarətdir ki, 1990-1991-ci illərdə məhz Naxçıvanda xalqımızın müstəqillik və milli suverenlik mübarizəsinə əhəmiyyətli dərəcədə təsir edən praktik siyasi qərarlar qəbul edildi. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və ölkəmizdə sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayrağımız birinci dəfə 1990-cı ilin noyabrında məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda rəsmi şəkildə ucaldılmış və Muxtar Respublikanın bayrağı elan olunmuşdu. Muxtar respublikada Komunist partiyasının bütün dayaqlarının fəaliyyətinə son qoyan Ulu Öndərin başqa bir təşəbbüsü ilə Naxçıvanın rəsmi adından «sovet» və «sosialist» sözlərinin çıxarılması da sıradan bir siyasi hadisə deyildi. Bu, hələ sovet dövlətinin mövcud olduğu bir vaxtda öz dövlətinin və öz xalqının maraqları uğrunda qətiyyətlə mübarizə aparmağın, cəsarətin, milli fədakarlığın ən böyük nümunəsi idi.

Heydər Əliyev şəxsiyyətinin böyüklüyü həm də onunla əlaqədardır ki, onun ideyaları konkret zaman və məkan məhdudiyyəti tanımır. Ulu Öndərin müəllifi olduğu dövlətçilik konsepsiyası, dəqiqliklə işləyib hazırladığı strateji kurs sonrakı dövrdə də ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, inkişafına xidmət etmiş, Azərbaycanın gələcəyinə işıq tutmuşdur. Yeni əsrin və yeni minilliyin başlanğıcında Heydər Əliyev siyasətini davam etdirmək gücündə və iqtidarında olan, başlanılan qlobal işləri, transmilli layihələri uğurla həyata keçirə biləcək, Azərbaycanı Ulu Öndərin görmək istədiyi zirvələrə qaldıracaq yeganə lider möhtərəm Prezident
İlham Əliyev idi. Ümummilli Lider Heydər Əliyev də 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına tarixi müraciətində tam haqlı olaraq, cənab İlham Əliyevə böyük etimadını ifadə etmiş və bəyan etmişdir ki, "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”.
Təbii ki, Azərbaycan xalqı heç bir tərəddüd etmədən və əminliklə Ümummilli Liderin bu müraciətinə dəstək verərək prezident seçkilərində cənab İlham Əliyevə yüksək etimad göstərmişdir. Beləliklə, xalqımız növbəti dəfə müdriklik göstərərək öz qərarını vermiş, Heydər Əliyev siyasətinin ardıcıllığının təmin olunmasını dəstəkləmişdir. Ali kürsüdə fəaliyyətə başlayan ilk gündən cənab Prezident İlham Əliyev bəyan etmişdir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıca şərt ölkədə Heydər Əliyevin siyasətinin davam etdirilməsidir. Çünki təcrübəli siyasətçi, geniş dünyagörüşünə malik müasir lider və böyük strateq kimi cənab Prezident İlham Əliyev çox dəqiq müəyyən etmişdir ki, yalnız Heydər Əliyev strategiyasını həyata keçirməklə, onun qoyduğu siyasi yolu davam etdirməklə Azərbaycanı güclü dövlətə çevirmək mümkündür. Ona görə də dövlət başçısı xalqa müraciətində demişdir ki, "Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti ilk gündən ona böyük ictimai dəstək, xalqın sonsuz inam və etibarını qazandırmışdır. Prezident
İlham Əliyev isə bu gücə söykənərək, xalqın inam və etimadını istinad nöqtəsi olaraq dəyərləndirmiş, qəbul etdiyi bütün taleyüklü qərarlarda yalnız xalqımızın mənafeyini rəhbər tutmuşdur. Dövlət başçısı xalqa müraciətlərinin birində müstəqil siyasət həyata keçirməyin əhəmiyyətini bu fikirlərlə çox aydın ifadə etmişdir: "Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkəyik. Biz böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər. Ancaq müstəqillik şəraitində Azərbaycan bu qədər uğurlar əldə edə bilər. Bizim taleyimiz öz əlimizdədir”.
Bəli, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan artıq  etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə özünün dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu illər ərzində ölkəmizdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi daha da möhkəmlənmişdir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan yeni əsrin əvvəllərində keçid iqtisadiyyatı ilə vidalaşaraq yeni tərəqqi və milli inkişaf arxitekturası üzərində möhkəmlənən iqtisadi modelin tətbiqinə başlamış, postsovet ölkəsi fazasından çıxaraq yüksək inkişaf proqnozları ilə irəliləyən innovativ və modern iqtisadiyyata malik ölkə kimi inamla inkişaf etmişdir. Bu zaman keçidində iqtisadiyyatın dinamik inkişafı, uzunömürlü tərəqqi, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın şaxələndirilməsinə nail olunmuş, həyata keçirilən dövlət proqramları bütün bölgələrin hərtərəfli və tarazlı sosial-iqtisadi tərəqqisinə və qeyri-neft sektorunun inkişafına yol açmışdır. Prezident İlham Əliyevin milli inkişaf doktrinasının başlıca hədəflərini təşkil edən modern və innovativ iqtisadiyyatın idarə olunması şəffaflığa və açıq cəmiyyətin təmin edilməsinə əsaslanmışdır. İqtisadiyyatın aqrar sektorunda islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün güzəştlər və dövlət yardımı iqtisadiyyatın bu sahəsinin inkişafına güclü təkan vermişdir.
Məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yüksəlməsinə xidmət edən uğurlu sosial dövlət modeli formalaşdırılmış, işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına nail olunmuş, əməkhaqları, pensiya və təqaüdlər əsaslı şəkildə artırılmışdır. Son illərdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə böyük iş həcmi yerinə yetirilmiş, ölkədə bütün çadır düşərgələri ləğv edilmiş, yüzdən çox yeni qəsəbə və şəhərcikdə 300 mindən çox insan yerləşdirilmişdir. Ölkənin infrastruktur sistemi tamamilə yenilənmiş, müasir əsaslarda yenidən qurulmuşdur.
Azərbaycanda Prezident İlham Əliyevin müəllifliyi ilə nəhəng transmilli energetika layihələri həyata keçirilmiş, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Cənub qaz dəhlizi” kimi enerji təhlükəsizliyində mühüm rol oynayan nəhəng layihələr Avropanın enerji xəritəsini dəyişdirmişdir. Həmçinin Azərbaycanın təşəbbüsü ilə qlobal əhəmiyyət daşıyan trans-nəqliyyat, kommunikasiya layihələri reallaşdırılmış, Avropanı Asiya ilə birləşdirən "Şərq-Qərb” və "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması təmin edilmiş, Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmuşdur.
Siyasi sistemin təkmilləşdirilməsi, demokratik təsisatların möhkəmləndirilməsi, plüralizmin, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, söz və məlumat azadlığının təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirilmişdir.
Azərbaycanın hərtərəfli inkişafını xarakterizə edən mühüm məsələlərdən biri də bütün sahələri əhatə edən geniş və innovativ proqramların icrası, konseptual yanaşmanın tətbiqidir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni nəsil və modern islahatlar strategiyası Azərbaycanın dinamik inkişafını təmin edən mühüm şərtlərdən biridir. Qabaqcıl institusional islahatlar sırasında isə Birinci vitse-prezidentlik institutunun yaradılması müstəsna əhəmiyyətə malikdir. Ötən dövr göstərdi ki, ölkədə vitse-prezidentlik təsisatının yaradılması və hörmətli Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi sonrakı mərhələdə vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsində, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsində mühüm amil olmuşdur. Mehriban xanım Əliyeva uğurlu və çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın inkişafına müstəsna töhfələr verir. Başqa sözlə, bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti ölkəmizin tərəqqisi, ayrı-ayrı sahələrdə mühüm inkişaf göstəricilərinin əldə olunması baxımından böyük önəmə malikdir. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir. Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Onun sosial və humanitar sahələrdə təşəbbüsləri, gördüyü mühüm işlər ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirlərinin miqyasının genişlənməsində əhəmiyyətli rol oynayır. Mehriban xanım Əliyevanın istər pandemiya ilə mübarizə, istərsə də ordumuza dəstək, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlər, çağırışlar və bəyanatlar milli həmrəyliyimizin daha da möhkəmlənməsi üçün əvəzsiz töhfədir. Ötən illlərdə bütün digər istiqamətlərdə olduğu kimi, xarici siyasət sahəsində də Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu prinsiplər uğurla tətbiq olunmuş, milli maraqlara söykənən müstəqil xarici siyasət həyata keçirilmişdir. Dövlət başçısının qətiyyəti, yüksək diplomatik səriştəsi, həmçinin bütün məsələlərdə beynəlxalq hüquqa və ədalətə istinad edən prinsipial mövqeyi sayəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksəlmiş, 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilmişdir və hazırda təşkilata uğurla sədrlik etməkdədir. Digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana inteqrasiyanın dərinləşməsinə, ölkə reallıqlarını dünya ictimaiyyətinə obyektiv və dolğun çatdırmağa imkan vermişdir. Azərbaycan Prezidentinin sülh və humanizm, birgə geniş əməkdaşlığı təmin edən xeyirxah missiyası qlobal məkanda birliyin, tolerantlığın, sivilizasiyalararası dialoqun, multikulturalizmin dərinləşməsinə töhfə verir, dövlətlərarası səmimi münasibətlərin təmas nöqtələrinin trayektoriyasını müəyyən edir.
Təbiidir ki, Azərbaycanın xarici siyasət institutunun qarşısında duran bir nömrəli məsələ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Prezident İlham Əliyev bu istiqamətdə də vəzifəni konkret müəyyənləşdirmişdir: "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar”. Ona görə də ötən dövrdə xarici siyasətin bütün arsenalı əsas etibarilə bu münaqişənin həllinə yönəldilmiş, Azərbaycanın cəhdləri problemin sülh yolu və danışıqlar vasitəsilə aradan qaldırılmasına xidmət etmişdir. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarla yanaşı, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair mühüm qərarların qəbul edilməsinə nail olunmuş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş, münaqişənin məhz bu prinsiplər əsasında həllinin vacibliyi qeyd olunmuşdur. Azərbaycan bütün dövrlərdə konstruktiv mövqe göstərmiş, münaqişənin ədalətli həlli prosesinə sadiq qalmışdır.
Lakin Ermənistan rəhbərliyinin danışıqları pozmaq, sülh prosesindən imtina etmək, status-kvonu möhkəmləndirmək istiqamətində təxribatları, eyni zamanda beynəlxalq ictimaiyyətin Yerevanın siyasi rəhbərliyinin bu riyakar davranışlarına adekvat münasibət bildirməməsi 30 ilə yaxındır davam edən sülh danışıqlarının nəticəsiz qalmasına gətirib çıxarmışdır. Bununla yanaşı, işğalçı ölkənin son dövrlər hərbi təxribatlarının artması, Azərbaycana qarşı yeni işğalçılıq iddialarının ortaya atılması ölkəmizi alternativ tədbirlər görməyə, tarixi ədaləti öz gücü hesabına bərpa etməyə vadar etmişdir.
Beləliklə, öz müstəqilliyinin 29-cu ildönümünü qeyd edən Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixini yazır. Əlbəttə, Azərbaycan tarixində bir çox şərəfli anlar olmuş, xalqımızın qürur mənbəyinə çevrilmiş hadisələr yaşanmışdır. Amma bu gün Ali Baş Komandanın başçılığı ilə Azərbaycan Ordusunun zəfər yürüşü, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir. Qurtuluş savaşı aparan Şanlı Ordumuz 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı - Füzuli, Xocavənd, Cəbrayıl, Tərtər rayonlarının bir sıra kəndlərini, Suqovuşan kəndini, Hadrut qəsəbəsini, Cəbrayıl və Füzuli şəhərlərini düşməndən təmizləyərək zəfər yürüşünü, xilaskarlıq missiyasını davam etdirir. Müzəffər Azərbaycan Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Torpaqlarımızın azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytarır, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirir. Bu gün Azərbaycan xalqı, hər bir vətəndaşımız Ali Baş Komandanın və şanlı ordumuzun ətrafında yumruq kimi sıx birləşərək işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyi günü səbirsizliklə gözləyirlər. Və şübhə yoxdur ki, Ali Baş Komandan və onun rəhbərliyi ilə Azərbaycan Ordusu Azərbaycan xalqının ümidlərini yenə də doğruldacaq və Azərbaycan haqq işində zəfər çalacaqdır! Bu gün işğaldan azad olunmuş tarixi ərazilərimizdə üçrəngli Azərbaycan bayrağının qürurla dalğalanması isə müstəqillik günümüzə ən böyük hədiyyədir!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728