bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda təbiətə yüzminlərlə manat ziyan vuruldu - Cinayət işi açıldı

20-02-2025, 11:00 0 dəfə baxılıb

 Qanunsuz zəbt edilmiş ərazilərdə müxtəlif növ hasilat işlərinin aparılması faktları ilə bağlı cinayət işləri başlanıb.

Bu barədə Bizimlider-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Goranboy, Hacıqabul, Tərtər və İmişli rayonları ərazisində yerin təkinin qorunması qaydalarının pozularaq qanunsuz olaraq hasilat aparılması, eləcə də torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırmalarla Goranboy rayonu ərazisində yerləşən "Mənəşli" gips yatağında "Cavidan İstehsalat Kommersiya" MMC, Tərtər çayının Tərtər rayonu ərazisindən keçən hissəsində Səfiyar Quliyevə, Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində yerləşən Nakim Şərifova məxsus karxanaların vəzifəli şəxsləri, habelə Hacıqabul rayonu ərazisində yerləşən 3 saylı RMTM-nin Sabirabad meşəbəyliyində Anar Nəbiyev tərəfindən səlahiyyətlərindən sui-istifadə etməklə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinin zəbt edilərək qanunsuz gips, qarışıq süxur və qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə 304 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə və daxili işlər orqanlarına göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728