Burada həyat yenidən başlayır: Unudulmaq qorxusu, sakitlik arzusu - Ahıllar evindən REPORTAJ
"Buraya gələndə çox pis oldum, ağladım, amma mənə dedilər ki, bu gündən sonra sənin yeni həyatın başlayacaq... Çox şükür, min şükür bu günümə. Heç nə istəmirəm, bir cansağlığı, bir də sakitlik olsun, bəsimdir".
Bizimlider-in əməkdaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bilgəhdə yerləşən ahıl şəxslər üçün müəssisəyə təşkil etdiyi mediatur zamanı burada yaşayan ahıllarla söhbət edib, onlar üçün yaradılan şəraitlə tanış olub.
Buraya gəlişimiz Yel çərşənbəsinə təsadüf edir. Yaz günəşi və sərin külək torpağı oyatdığı kimi, insanların əhvalını da yüksəldir. Yolboyu isə məni bir sual düşündürür: Bizim əhvalımız xoş ola bilər, bəs görəsən, doğmalarından, əzizlərindən ayrı düşənlərin əhvalı necədir, özlərini necə hiss edirlər?
Budur, artıq çatmışıq - ahıllar evindəyik. İlk işim elə sualıma cavab tapmaq olacaq. Müəssisənin həyətinə daxil olar-olmaz səliqə-sahman diqqətimi çəkir. Deyəsən, yazın gəlişi üçün burada da hazırlıq işləri görülüb, hər yan səliqəyə salınıb. Həyətdə bir-iki nəfər gözümə dəyir. Sanıram, onlar da bu gözəl havanı yaxşı dəyərləndirmək istəyirlər. Yaxınlaşıb hal-əhval tuturam, həssaslıqla bir az da həyat hekayələri ilə maraqlanmağa çalışıram. İlk həmsöhbətim Rüxsarə Qasımova olur.
Onun sarı rəngə boyanmış saçına külək sanki şıltaqlıqla əl çəkib, bir az dağınıqdır. Gözlərinə baxanda adamı özünə çəkir. Baxışlarında yorğunluq olsa da, mübarizəsinə davam edən insana məxsus güclü duruşu, enerjisi diqqətimdən yayınmır. Fotoqrafımız bizi kənardan çəkir, düşünürəm ki, indi bir çox xanımlar kimi saçına əl gəzdirmək istəyəcək və ya çəkilişə mane olacaq. O isə elə bil heç fotoqrafı görmür, söhbətinə davam edir. Deyir, iki aydır, müəssisədədir, həyatına burada davam etməyə özü qərar verib:
"Buraya gələndə çox pis oldum, ağladım, amma mənə dedilər ki, bu gündən sonra sənin yeni həyatın başlayacaq... Çox şükür, min şükür bu günümə. Heç nə istəmirəm, bir cansağlığı, bir də sakitlik olsun, bəsimdir. Ömrümün 33 ilini məktəb həyatına həsr etmişəm. Aktiv həyat keçirmişəm. İki uşaq, nəvələr böyütmüşəm. Çətinliklərim çox olub, amma uşaqlarıma ali təhsil vermişəm, əlimdən gələn hər şeyi etmişəm".