Azərbaycanda sürücülük vəsiqəsi nə vaxt elektron variantda olacaq? - Açıqlama
Hazırda Rusiyada elektron sürücülük vəsiqələrinin verilməsi təşəbbüsü nəzərdən keçirilir. Rusiya Dövlət Avtomobil Müfəttişliyinin rəhbəri Mixail Çernikov bildirib ki, sürücülük vəsiqələrinin elektron versiyasının yaradılması və onların smartfonlara inteqrasiya edilməsi üzərində işlər başlayıb.
Bizimyol.info xəbər verir ki, elektron vəsiqələr hazırkı sürücülük vəsiqələrinin alternativi olacaq. Amma bu sistemin nə vaxtdan qüvvəyə minəcəyi açıqlanmayıb.
Nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, elektron sürücülük vəsiqəsinə keçilməsi həm iqtisadi cəhətdən, həm də digər aspektlərdən sərfəli olan dəyişiklikdir:
“Hazırda dünya bu sistemə doğru gedir. Bu məsələ ilə bağlı müəyyən müzakirələr də aparılır. Dünya üzrə hər şeyin, o cümlədən, sənədlərin elektronlaşdırılması prosesi gedir. Bununla da informasiyaları elektron daşıyıcıya yerləşdirməklə bağlı müəyyən narahatlığı aradan qaldırırlar.
Artıq bir ilə yaxındır ki, Rusiyada elektron sürücülük vəsiqəsinə keçilməsi müzakirə olunur. Hətta dünyanın bir sıra ölkələrində də bu istiqamətdə işlər gedir. Müsbət nəticələr olanda Azərbaycan da bu sistemə keçəcək. Amma hələlik bu məsələ ətrafında yalnız müzakirələr aparmaq, beynəlxalq təcrübənin müsbət nəticələrinə baxmaq lazımdır.
Elektron sənədə keçmək bizi əlavə olaraq sənədin üzərimizdə daşınmasından xilas edə, sənədin dəyişdirilməsi prosesi zamanı ödənilən məbləğin həcminin azaldılmasına gətirib çıxara bilər”.
Ekspert əlavə edib ki, ölkəmizdə elektron sürücülük vəsiqəsi tətbiqinə keçilməsi prosesi tez bir zamanda həyata keçirilə bilməz:
“Dünya bu prosesə doğru gedirsə, Azərbaycanda da bu sistemin tətbiq edilməsi mümkündür. Amma tez bir zamanda bu prosesin baş tutması gözlənilmir. Müəyyən müddətdən sonra bunun ətrafında geniş müzakirələr aparılmalı, aidiyyəti strukturlar buna rəy verməli, peşəkar qurumlar öz tövsiyələrini bildirməlidir. Ondan sonra çox rahat şəkildə insanlar elektron sürücülük vəsiqəsinə keçə bilər”.(oxu.az)