bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakı Metropoliteni COVID-19-la bağlı sərnişinlərə müraciət etdi - FOTO

13-03-2020, 17:21 117 dəfə baxılıb

Bakı Metropoliteni COVID-19-la bağlı sərnişinlərə müraciət etdi - FOTO
Yeni koronavirusla (COVİD-19) əlaqədar fevral ayının 21-dən stansiya və qatarlarda, həmçinin inzibati və iaşə obyektlərində profilaktiki tədbirləri davam etdirən “Bakı Metropoliteni” QSC geniş spektrli dezinfeksiya tədbirlərinin intensivliyini artırıb.

Qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, buna qədər koronavirusla əlaqədar profilaktiki dezinfeksiya işləri ay ərzində iki dəfə nəzərdə tutulmuşdusa, həmin tədbirlərin hər həftə yerinə yetirilməsi qərara alınıb.

Qatarlarda və stansiyalarda, həmçinin digər metropoliten obyektlərində dezinfeksiya işlərini xüsusi lisenziya ilə uzun illərdir fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış müəssisə həyata keçirir. Yeniliklə əlaqədar tədbirlər planına qrafik üzrə müvafiq dəyişikliklər edilib. Hazırda Bakı metropolitenində koronavirusla bağlı tədbirlərin ikinci mərhələsi başa çatmaq üzrədir.

Qatarların ikinci mərhələ çərçivəsində dezinfeksiyası başa çatmaqdadır. Planlı cari təmir işləri aparılan 3 qatar (15 vaqon) istisna olmaqla, digər qatarların vaqonları dezinfeksiya işlərinə cəlb olunub. Artıq "Bakı Metropoliteni" QSC-nin sanitariya və gigiyena üzrə həkiminin və aidiyyəti strukturların nəzarəti altında 47 qatarda (235 vaqon) geniş spektrli dezinfeksiya işləri növbəti dəfə aparılıb. Proses həftəsonu yekunlaşdırılacaq.

Stansiyalarda gecə saatlarında, sərnişinlər stansiyaları tərk etdikdən və elektrik xətlərindən yüksək gərginlik çıxarıldıqdan sonra geniş spektrli dezinfeksiya işlərinə başlanılır. Giriş sahələri, keçid, vestibül, platforma və stansiya yollarının planlaşdırılmış profilaktik tədbirləri mütəxəssislərin və məsul şəxslərin nəzarəti şəraitində davam etdirilir. Stansiyalarda işlərin ikinci mərhələsi həftə sonu başa çatdırılacaq.

Bununla yanaşı, gündəlik iş rejimi şəraitində profilaktik tədbirlər davam etdirilir. Hər gün ən azı 3 dəfə olmaqla, stansiyaların əllə təmas olan bütün səthləri dezinfektantlarla silinərək təmizlənir və işlər daimi nəzarət altında saxlanılır. Onu da əlavə edək ki, istifadə olunan dezinfektantlar insan səhhəti üçün zərərsizdir.

“Bakı Metropoliteni” QSC koronavirusla əlaqədar qaynar xətt yaradaraq, sutka ərzində 24 saatlıq fəaliyyətini təmin edib. 964 və (012) 490 00 00 telefon nömrələrinə zəng etməklə, Bakı metropolitenində koronavirusla əlaqədar görülən işlər barədə ətraflı məlumat almaq olar. Müraciət edənlərə bütün məlumatlar operativ və obyektiv şəkildə təqdim olunur.

“Bakı Metropoliteni” QSC koronavirusla əlaqədar fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahla əlaqəli qurur, tapşırıq və tövsiyələrə əməl olunmasına diqqət yetirir, metropolitenlə bağlı aktual məsələlərin operativ həllini təmin edir.

“Bakı Metropoliteni” QSC bir daha sərnişinlərindən öz sağlamlıqları naminə sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət etməyə və bu məsələlərdə metropoliten işçiləri ilə fəal əməkdaşlığa, həmfikir və həmrəy olmağa çağırır. Stansiya və qatarların zibillənməməsi, təmizliyə riayət olunması hər kəsin sağlamlığının təməlidir.

Tibbi ləvazimatların, qida, yeyinti və kulinariya məhsullarının, o cümlədən fəal və dayanıqlı mikrob daşıyıcılarının təmas olunan yerlərə atılmasına, yapışdırılmasına və sair bu kimi hallara yol verilməməsi günün qaçılmaz tələbi, hər birimizin vətəndaş və vicdan borcudur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930