Cahangir Əsgərovdan narazılıq: “Maaşlar verilimir....” - VİDEO
Başı doppinqlə bəlada olan Azərbaycan Ağır Atletika Federasiyası maaş qalmaqalı və şəraitsizliyə görə yenidən gündəmə gəlib.
Ağır atletika üzrə milli komandanın üzvü, idman ustası Günel Vəliyeva federasiyadakı problemlərlə bağlı Unikal.org-a açıqlama verib. O bildirib ki, xarici ölkələrin idmançılarına həsəd aparırıq, çünki hər sahədə Azərbaycandan geri qalan ölkələrin ağır atletləri bizdən daha yaxşı təmin olunublar:
"Həm vitaminləri var, həm də səliqəli formaları. Mən 2 ildir ki, milli komandadan maaş ala bilmirəm. Millimizin tərkibində uzun illərdir çıxış edən digər atletlər də maaş üzünə həsrət qalıblar. Maaşımız verilmir, formamız nimdaş haldadır. Təsəvvür edin ki, ağır atletlər üçün olan idman ayaqqabısı istəyirik, gedib kiminsə ayağından çıxarıb yığmanın üzvlərinə verirlər. Bizə verilmiş ağır atlet formaları ən ucuz, ən keyfiyyətsiz formalardır. Hətta bəzilərinin heç idman geyimləri də yoxdur. Ən böyük problemlərdən biri də yarışlara göndərilməməyimizdir. Beynəlxalq yarışa 1 ay qalmış deyirlər yarış var, hazırlaşın. Biz 1 aya necə hazırlaşıb nəticə verək. Yaxud da, yarışın başlamağına 1 həftə qalmış gəlib deyirlər ki, getmirsiz”.
G.Vəliyeva səslərinin Federasiyanın rəhbəri Cahangir Əsgərova çatdırılmadığını və federasiyanın baş katibi Rizvan Rəsulovun problemləri həll etmədiyini bildirib.
Millinin üzvü Mərziyyə Məhərrəmova həmkarı kimi federasiyadakı durumdan şikayətlənib: "Heç bir yığmada idmançıya 200 manat maaş vermirlər. Fəhlə, offisiant da bizdən çox qazanır. Biz bayrağımızı dalğalandırırıq. Onlar isə bizə 200 manat maaşı qıymırlar. Yanvarda yeni müqavilə bağlandı ki, hər şeylə təmin olunacaqsınız. Amma 2 -3 aydan bir 1 aylıq maaşımızı alırıq. Bəziləri heç almır. Vitamin yox, maaş yox. Yarışlardan da uzaq salırlar. Təsəvvür edin federasiyada milli komanda deyə bir anlayış qalmayıb. Gənclər, qadınlar və kişilərin milli komandalarının hərəsində 2-3 idmançı qalıb. Ümumilikdə biz 15 nəfərlik bir idmançı qrupuyuq.Tək bir tələbimiz var, imzalatdıqları müqaviləyə əməl edilməsdir. Bir uşaq anasıyam. Övladımı evdə qoyub, gəlib məşq edirəm”.
Ağır atletika millisinin üzvü Səbinə Əzimova da komanda yoldaşlarına qatıldığını, bu cür problemlərin onların karyerasını təhlükə altına aldığını qeyd edib. Bildirilib ki, millinin digər üzvləri də durumdan şikayətçidir.