“Yeni başçıları müşahidə edəndən sonra əvvəlkilərlə müqayisə etmək olar” - AÇIQLAMA
Son aylar Azərbaycanda istər mərkəzi, istərsə də yerli hakimiyyət orqanlarında kadr dəyişkilikləri baş verir. Cəmiyyətdə tez-tez bu məsələlər gündəmə gəlir, köhnə və yeni kadrlar arasında müqayisələr aparılır. Xüsusilə Ağstafa rayonuna yeni təyin olunan icra başçısı, hakim Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Təşkilatının sədri Seymur Orucovun prezidentə qəbul zamanı söylədiyi bəzi fikirlər bir çox təhlilçilərin diqqətini çəkib.
Prezidenti İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. Onda S.Orucov deyib:
“… Möhtərəm cənab Prezident, 1990-cı illərin əvvəllərində hakimiyyəti zəbt etmiş AXC-Müsavat dövründə Azərbaycan gəncliyini zorla ali təhsil ocaqlarından, iş yerlərindən mitinq bölgələrinə və onların yarıtmaz liderlərinə dəstək tədbirlərinə aparırdılar. Gənclərimiz çox bədbin ruhda idilər. Lakin Ulu Öndərimiz ( hazırkı Prezident İlham Əliyevin atası Heydər Əliyev nəzərdə tutulur-red) hakimiyyətə gəldikdən sonra Azərbaycan gəncliyində gənclik ruhu özünə qayıtdı…”
“Onların yerinə gənc, korrupsiyaya bulaşmayan yeni insanların cəlb edilməsi…”
Jurnalist Azər Həsrət-ə görə, ölkədə islahatların aparılması danılmaz faktdır. Onun fikrincə, prezident bu istiqamətdə axtarışdadır və yeni, potensialı olan insanları aşkar edib vəzifələrə təyin edir.
Amma Azər Həsrət müqayisənin hələ tez olduğunu düşünür:
“Çünki yeni kadrlar işlərinə yeni başlayıb, biz onların fəaliyyətini müşahidə edəndən sonra əvvəlkilərlə müqayisə etmək olar”
Azər Həsrətin vurğulamasına görə, sadəcə, bir məqamı indidən demək olar ki, vəzifədən uzaqlaşdırılan icra başçıları rüşvətdə günahlandırılır:
“ Ona görə onların yerinə gənc, korrupsiyaya bulaşmayan yeni insanların cəlb edilməsi ən azından başlanğıc üçün yaxşı hal kimi qiymətləndirilə bilər. Bununla yeni kadrların arasında naşılıq edənlərə də rast gəlinir, bəlkə də bu, təbiidir. Ancaq təcrübəsizlik özünü göstərəcək, yəqin ki, bir müddət sonra işi mənimsəyəcəklər, cəmiyyətlə, xüsusən vətəndaşlarla işləmək və ümumi ictimai-siyasi atmosferin damarını tutmaq istiqamətində irəliləyə biləcəklər”.