Azərbaycan Ordusunun performansı - Hərbi ekspertlərin ən çox təəccübləndiyi taktiki savaş
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında zəfər yürüşünü davam etdirir. Hər gün neçə-neçə yaşayış məntəqəsi düşmən tapdağından azad edilir. Beləcə xalqımız addım-addım Böyük Qələbəyə doğru irəliləyir. Bu zəfər yürüşündə bir çox qürurverici məqamlar var. Onlardan biri də Azərbaycan Ordusunun seçdiyi döyüş taktikasıdır.
Döyüş meydanında ən son nano texnologiyaların tətbiq edildiyi Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadəti dünya dövlətlərini heyrətdə qoyub. İstər ABŞ, istər Qərb, istər Rusiya, istərsə də Asiyada Azərbaycan Ordusunun döyüş taktikası nəfəs dərilmədən izlənilir. Belə ki, Azərbaycan tərəfi döyüşləri klassik üsulla – tank, ağır texnika və canlı qüvvə ilə deyil, pilotsuz döyüş aparatları – PUA-larla aparır. Və yəqin ki, Azərbaycanın bu taktikası tarixə ilk “dron ” müharibəsi kimi düşəcək.
Artıq bu itiqamətdə Beynəlxalq aləmdə ilkin fikirlər səslənir. Məsələn, Rusiyanın məşhur “Комсомольская ПРАВДА” qəzetində dərc olunan “Rusiya Qarabağdakı kimi “pilotsuz döyüşə hazırdırmı?” başlıqlı analitik məqalədə Azərbaycanın son 20 gündə göstərdiyi müasir döyüş taktikası ətraflı şəkildə təhlil və təqdir edilir. Hərbi ekspert Viktor Baranetsin fikirləri əsasında hazırlanan yazıda deyilir: “Rus ordusunda yüzlərlə yüngül və orta ölçülü pilotsuz təyyarə var (baxmayaraq ki, minlərə ehtiyac var). Ancaq hamısı kəşfiyyat və rəhbərlik tapşırıqlarını yerinə yetirirlər. Bəs ağır zərb alətləri haqqında nə demək olar?
Ağır hücum dronu Hunter indi təyyarə qanadında yerləşdirilir. Su-57 qırıcısının nəzarətində olan pilotsuz təyyarələrlə düşmənin qrup hücum taktikası isə hələ hazırlanmaqdadır. İlk testlər artıq keçirilib. Ancaq Rusiya ordusunun lazımlı miqdarda bu cür pilotsuz hücum təyyarələri ilə nə zaman silahlanacağını görmək hələlik arzu olaraq qalır. Axı müharibə vəziyyətində belə deyə bilməzsən ki: “Düşmən dayan, döyüş dronlarımız hələ hazır deyil …”
Məqalədə daha sonra deyilir: “…Azərbaycan cəsarətli yüksək texnoloji çevikliyini bəs haradan alır? Tanıdığım hərbi mütəxəssislər mənə izah etdilər ki, son illərdə rəsmi Bakı Türkiyədən (Bayraktar TB2) və İsraildən (Hermes 900) hücum pilotsuz təyyarələrin alınmasında pulunu əsirgəməyib. Türk hücum dronu Bayraktar bir gün ərzində 8 kilometr yüksəklikdə fırlana bilər və oradan hücuma keçmək imkanına malikdir…”
Rusiyalı hərbi ekspert, “Milli Müdafiə” dərgisinin baş redaktoru İqor Korotçenko Azərbaycan Ordusunu nəzərdə tutaraq deyib ki, bir ordunun başqa bir ordu ilə döyüşdə bu qədər yüksək dəqiqliklə silahdan istifadə etməsi nümunəsini dünya hələ görməmişdi. “Əminliklə söyləyə bilərəm ki, döyüş əməliyyatları zamanı müasir silahlardan – pilotsuz təyyarələrdən, döyüş sursatından, yüksək dəqiqliklə hədəfi məhv etmə vasitələrindən bu miqyasda istifadə olunması dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən diqqətlə öyrənilir. Bir ordunun başqa bir ordu ilə döyüşdə bu qədər yüksək dəqiqlikli silahdan istifadə etməsi nümunəsini dünya hələ görməmişdi”, – deyə o bildirib.
Azərbaycanın Qarabağda apardığı müasir döyüş taktikası aparıcı dünya dövlətləri kimi İsraildə də yaxından izlənilir. Məsələn, israilli hərbi ekspert Avraham Şmuleviç deyir ki, “Qarabağdakı hərbi münaqişə Rusiyanın silah sistemlərinin uğursuzluğunu göstərdi. Ermənistana pulsuz şəkildə verilən ağır texnika, tank və raket qurğuları Azərbaycan Ordusu qarşısında çox aciz qaldı”.
“İsraillə Azərbaycan strateji müttəfiqlərdir. Söhbət təkcə neft və silah tədarükündən deyil, həm də dərin strateji əməkdaşlıqdan gedir”, – deyən Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin böyük elmi işçisi Brenda Şaffer isə bildirir ki, oktyabrın əvvəllərində sosial şəbəkələrdə yayılmış videoda Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana məxsus hərbi hədəfləri İsrail istehsalı olan qısamənzilli balistik “LORA” raketlərilə vurduğu görünür. Bundan başqa, azərbaycanlı rəsmilər hərbi əməliyyatlarda İsrail istehsalı olan dronlardan istifadə etdiklərini təsdiqləyir…”
Azərbaycan Ordusunun hücum taktikası qardaş Türkiyədə də diqqətlə izlənilir və təqdir edilir. Məsələn, Türkiyənin tanınmış “Habertürk” xəbər portalında oktyabr ayının 19-da yer almış məqalədə deyilir: “Davam edən savaşda Azərbaycanın hərbi üstünlüyünün böyük bir bölümünü əksəriyyəti Türkiyə, bir qismi də İsrail mənşəli olan döyüş dronları təşkil edir. Azərbaycan televiziyaları hər saat başında verdiyi xəbərlərdə türk dronlarının erməni hədəflərini bir-bir necə yox etdiyinə dair görüntülər yayır. Bu görüntülərdən də anlaşılır ki, Ermənistanın Hava Hücumundan Müdafiə (HHM) sistemləri bu dronların hücumları qarşısında yetərsiz və çarəsiz qalıb.
Bu görüntülərdə, əslində, illərdir inkişaf etməkdə olan Türkiyənin qət etdiyi yolun hekayəsinin izləri də yatmaqdadır. Dronlar keçmişdə yumşaq güc (soft power) olan, indi isə regional bir gücə çevrilən Türkiyənin ən önəmli və vurucu hərbi gücünü (hard power) formalaşdırmış durumdadır. Bu gün Türkiyənin xarici siyasəti artıq öz müdafiə sənayesinin məhsulu olan silah və təchizatlarla ön plana çıxmış durumdadır. Müdafiə sənayesinin həmin məhsulları arasında ölkəmizi dünyanın öndə gələn dizaynerləri və istehsalçıları arasına soxan dronlar vardır…”
Fəxrlə deməliyik ki, İkinci Qarabağ savaşında təkcə Azərbaycan Türkiyə və İsraildə istehsalı olan dronlardan istifadə edilmir. Eləcə də bu günki döyüşlərdə milli brendimiz olan “Zərbə” PUA pilotsuz aparatlardan da geniş istifadə olunur. Müdafiə Sənayesi Nazirliyinin zavodlarında hazırlanan bu dronlar ən müasir tələblərə cavab verir. Belə ki, “Zərbə” gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir. Aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik “K1-Zərbə” mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilir.
Beləcə, qüdrətli Azərbaycan Ordusu milli və xarici dronlar hesabına qazandığı zəfərləri ilə xalqımızı sevindirməkdə, dünyanı heyrətləndirməkdə və düşmənləri məhv etməkdə davam edir. Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə Azərbaycanın işğal olunan Dağlıq Qarabağ bölgəsində erməni ordusuna qarşı misilsiz hücumundan danışarkən qeyd edib ki, “XXI əsrdə nadir hallarda belə miqyaslı döyüş əməliyyatları tapmaq olar”
Artıq savaşların taleyi və psixoloji atmosferi dəyişib. II Dünya Müharibəsində savaşın taleyini zirehli birliklər və tanklar müəyyən etdiyi halda, bu gün artıq dronlar müəyyən edir. Dünyada 18 trilyon dollarlıq hərbi təchizatın artıq zibil yığını halına gəldiyini iddia edənlər var. Amma fakt faktlığında qalır: Qüdrətli və basılmaz Azərbaycan Ordusu ən son döyüş taktikası və texnikası ilə vuruşur. Ermənistan isə hələ ötən əsrdə qalıb… düşüncəsi ilə, döyüş taktikası ilə, siyasi elitası ilə….
Beləcə, Azərbaycan Ordusu öz rəşadəti ilə dünyanı təəccübləndirir. Dünya heyrətləndikcə xalqımız qürurlanır. Mən də bu yazımı rus şairi Vladimir Mayokovskinin parodiyası ilə tamamlayıram…Alın aaa, yana–yana qalın aaa… Mən Azərbaycan vətəndaşıyam…
Surxay Atakişiyev
KONKRET.az