Paşinyanın “yeni tezisləri” məsxərə obyektinə çevrilib
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP Beynəlxalq ƏlaqələrKomissiyasınım katibi, professor Elman Nəsirov Dağlıq Qarabağ münaqişəsinin “etimologiyası” ilə bağlı Nikol Paşinyanın “yeni tezis”lərinə məqaləylə cavab verib.
Bizimyol.info həmin məqaləni təqdim edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin “etimologiyası” ilə bağlı Nikol Paşinyanın “yeni tezis”ləri Ermənistanın özündə belə məsxərəyə qoyulmaqdadır. Onun Azərbaycanın SSRİ-nin tərkibindən çıxması proseduru ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan ərazisi olaraq işğal edilməsi faktı arasında paralel aparması və bu hadisələr arasında eyniyyət axtarması heç bir tənqidə belə dözmür. Əvvəla, bu, bir həqiqətdir ki, SSRİ konstitusiyasına görə, müttəfiq respublikaların hər birinin, o cümlədən Azərbaycan və Ermənistanın da ittifaq dövlətinin tərkibindən çıxmaq hüququ var idi. Bu hüquqdan da istifadə olundu. Həmin konstitusiyada muxtar respublika və vilayətlər anoloji hüquqa malik deyildilər. Belə bir hüququn olmadığı reallıqda hər hansı bir muxtar subyektin “müstəqillik” sevdası separatizm kimi hüquqi qiymətini alırdı və cəzalandırıırdı. Eyni məntiqlə, Azərbaycan daxilindəki heç bir muxtar qrumun, o cümlədən DQMV-nin həm ölkə, həm də SSRİ qanunvericiliyinə görə ayrılmaq və müstəqilliyini bəyan etmək hüququ yox idi. Belə bir hüquqla DQMV-ni təmin edən hər hansı bir sənəd varsa, Nikol Paşinyan üzə çıxarsın. Bu, mümkün deyil, çünki belə bir sənəd yoxdur.
Ermənistanın baş nazirinin populist və təxribatçı bəyanatları yeni aranjimanda təqdim olunmaqdadır. “Dağlıq Qarabağ elə Ermənistandir. Nöqtə”,-kimi sərsəm bəyanata imza atan Nikol Paşinyan bu dəfə xalqların öz müqəddəratını təyinetmə hüququndan bəhs edərkən “Qarabağ xalqı” ifadəsi işlədir və titullu xalq axtarışına çıxır. Bu absurd mövqenin daşiyicısının nəzərinə çatdırırıq ki, “Dağlıq Qarabağ xalqı” ifadəsi siyasi avantüradan başqa bir şey deyildir. Dağlıq Qarabağın Azərbaycan və erməni icması vardır. Ermənilər isə bir xalq olaraq öz müqəddəratını təyin ediblər. Vassal və sattelit olsa da, bir siyasi subyekt yaradıblar. İkinci erməni dövləti yaratmaq onların böş xülyalarıdır.
Münaqişənin həlli imkanları ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son dərəcə qətiyyətli, prinsipial və dəyişməz mövqeyi vardır. Həmin mövqeyə görə, “Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağın ermənilərinə respublikamızın hüdüdları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir.”
Ermənistanın nicatı bu mövqeni sonadək tanımasından və qəbulundan keçir…Zaman isə gözləmir…uçurum uzaqda deyil…