Konqoda bir neçə ölkənin səfirliyinə hücum edilib
Konqo Demokratik Respublikasının (DRC) paytaxtı Kinşasada ABŞ səfirliyindən başqa bir neçə diplomatik missiyaya da hücum edilib.
Bizimlider-in xəbərinə görə, bu barədə xarici KİV-də məlumat yayılıb.
Məlumata görə, səfirlikləri hücuma məruz qalan ölkələr arasında Ruanda, Fransa, Belçika, Uqanda və Keniya da var.
Bildirilir ki, polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Xatırladaq ki, yanvarın əvvəlində Konqoda "23 mart hərəkatı" (M23) qiyamçı qruplaşması ölkənin şərq hissəsində fəaliyyətini gücləndirib. Yanvarın 27-də üsyançıların lideri Kornel Nanqaa Qoma şəhərini nəzarətə götürdüklərini açıqlayıb. Ötən gün Qoma şəhərində "M23 hərəkatı" ilə Konqo ordusu arasında baş verən toqquşmalarda azı 17 nəfər ölüb, 370-ə yaxın adam yaralanıb.