Türkiyədə azərbaycanlılardan ibarət oğru dəstəsi yaxalandı
Türkiyənin Samsun şəhərində oğurluqla məşğul olan azərbaycanlılardan ibarət dəstə ifşa edilib.
Türkiyə mətbuatı xəbər verir ki, dəstə üzvləri Canik və İlkadım ilçələrində yerləşən iki alış-veriş mərkəzinin mağazalarından oğurluq ediblər.
Polis əməkdaşları mağaza sahiblərinin şikayətləri əsasında hərəkətə keçib, ticarət mərkəzlərinin təhlükəsizlik kameraları araşdırılıb. 5-i qadın olmaqla, 7 nəfərlik dəstə üzvləri –Laləzar L., Bayram L., Tamella H., Kəmalə A., Gülər A., Nazim Y. saxlanılıblar. Məlum olub ki, bu şəxslər oğurladıqları əşyaları alüminium folqaya bükərək rentgen şüalarından yayındırıblar və mağazalardan çıxara biliblər.
Mənbənin yazdığına görə, polis dəstə üzvlərini elə mağazaların birində, iş başında yaxalayıb. Oğrulara məxsus avtomobilə baxış keçirilən zaman oğurlanan əşyaların bir hissəsi oradan tapılıb.
Saxlanılanlardan Nazim Y. ifadəsi alındıqdan sonra sərbəst buraxılıb, Laləzar L. və Bayram L. isə nəzarət altında azadlığa buraxılıb. Digər 3 dəstə üzvü - Tamella Hacıəhmədova, Kəmalə Əsədullayeva və Gülər Ağayeva məhkəmə qərarı ilə həbs edilib.
Araşdırma zamanı o da məlum olub ki, ticarət mərkəzində 2 gün fasilə ilə oğurluq edən bu şəxslər 50 min TL dəyərində əşyalar oğurlayıblar. Onların haqqında təxminən 17 mağaza sahibinin şikayətçi olduğu bildirilir. Bu mütəşəkkil oğru dəstəsinin işi üzrə istintaq çərçivəsində daha əvvəl bir nəfərin də həbs olunduğu bildirilir.(Virtualaz.org)