Paşinyanın adından Süleymaninin öldürülməsinə saxta təbrik yazan şəxs saxlanıldı
Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin baş naziri Nikol Paşinyanın İrana qarşı əməliyyata görə ABŞ prezidenti Donald Trampı təbrik etməsi barədə "facebook”da yanlış informasiya yayan səhifənin sahibini aşkarlayıb.
Pravda.az-ın xəbərinə görə, bu barədə xidmətin mətbuat mərkəzindən bildirilib.
Xidmətin saytında qeyd edilir ki, keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri nəticəsində saxta "Diana Arutunyan” səhifəsinin sahibinin şəxsiyyəti müəyyənləşdirilib. "O, Milli Təhlükəsizlik Xidmətinə aparılıb və öz hərəkətləri haqqında izahat verib", - xəbərdə əlavə olunur.
Saytda saxlanılan şəxsin ifadələrinin yer aldığı videoçarx da yerləşdirilib. Həmin şəxs görüntülərdə bildirib ki, "Ermənistan hakimiyyətini nüfuzdan salmaq üçün saxta məlumatlar yayıb. Çünki müxalif baxışlara malikdir və Robert Koçaryanın həbsini qanunsuz hesab edir".
Videoçarxda onun üzü bağlanılıb.
Mətbuat mərkəzindən bildirilib ki, fakt üzrə cinayət işi qaldırılıb. Ona qarşı Cinayət Məcəlləsinin hansı maddəsi üzrə ittihamın irəli sürüldüyü açıqlanmır.