Əfqanıstan hökuməti əsir terrorçuları azadlığa buraxmağa başlayıb
Əfqanıstan hökuməti “Taliban” radikal hərəkatının 100-ə yaxın üzvünü Kabildəki Pul-ə-Çarxi həbsxanasından azadlığa buraxıb.
Bu barədə RİA “Novosti” “Tolo News” telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatına əsasən, məhbuslar mayın 2-də, şənbə günü axşam həbsxanadan azad ediliblər. Ümumilikdə “Taliban” ABŞ-la razılaşma əsasında beş min üzvünün azad olunmasını tələb edir. Əfqanıstan tərəfi isə tədricən 1,5 min məhbusu azad etmək qərarına gəlib.
Martın 10-da bildirilmişdi ki, Əfqanıstan Prezidenti Əşrəf Qani əsir taliblərin əfv edilməsi və onların azad edilməsi haqqında fərman imzalayıb.
Xatırladaq ki, cari ilin fevralın 29-u Qətərin paytaxtı Dohada ABŞ və “Taliban” arasında sülh anlaşması imzalanıb.
Anlaşmanı ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və “Taliban”ın rəhbərinin müavini Abdulla Qəni Baradar imzalayıblar.
Lakin anlaşmanın imzalanmasından iki gün sonra “Taliban” Əfqanıstan hökumətinə qarşı döyüşləri bərpa edib.