Çində koronavirusla bağlı son vəziyyət necədir?
Çində COVID-19 səbəbilə karantin tədbirlərinin tətbiq edildiyi ölkənin ən böyük şəhəri Şanxayda karantin zonalarından kənarda heç bir yoluxma halının müşahidə olunmadığı bildirilib.
Son 24 saat ərzində şəhərdə xəstəlik əlaməti olan 1 249 və əlamətləri olmayan 8 932 yoluxma hadisəsi aşkarlanıb, 47 nəfər virusa görə dünyasını dəyişib.
Mart ayının ortalarında şəhərdə “Omikron”a yoluxmanın səbəb olduğu epidemiyada cəmiyyət daxilində yayılma ilk dəfə olaraq nəzarət altına alındı.
Əhalisi 26 milyonu keçən Şanxayda epidemiya səbəbiylə martın 28-də elan edilən “tədricən” bağlanma yoluxma halları azalmadığı üçün bütün şəhərdə qeyri-müəyyən müddətə uzadıldı.
Artıq beşinci həftədir ki, karantin rejiminin mövcud olduğu şəhərdə karantin zonaları istisna olmaqla, yoluxma olmayan yerlərdə tədbirlər qaldırılacaq.
Ölkənin paytaxtı Pekində 1 May bayram tətili ərəfəsində tədbirlər artırılır.