Belarusda terrora cəhd ölümlə cəzalandırılacaq
Belarus Prezidenti Aleksandr Lukaşenko Cinayət Məcəlləsinə terror aktlarına cəhdə görə ölüm cəzasını nəzərdə tutan dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Bundan əvvəl qanun layihəsi Belarus Milli Məclisinin Nümayəndələr Palatası (aşağı palata) tərəfindən qəbul edilib və Respublika Şurası (yuxarı palata) tərəfindən təsdiq olunub.
Cinayət Məcəlləsinə edilən dəyişikliklər beynəlxalq qarışıqlıq və ya müharibə törətmək məqsədilə xarici dövlətin və ya beynəlxalq təşkilatın nümayəndəsini öldürməyə cəhdə hazırlıq, eyni zamanda, atom enerjisi qurğularından, radioaktiv maddələrdən və ya nüvə materiallarından, kimyəvi və ya bioloji maddələrdən istifadə etməklə beynəlxalq terror aktı və ya terror aktı törətməyə cəhd etməyə hazırlığa görə ölüm cəzasının tətbiqini nəzərdə tutur.
Həmçinin dövlət və ya ictimai xadimin dövlət və ya ictimai fəaliyyəti ilə əlaqədar hakimiyyət orqanlarının qərar qəbul etməsinə təsir göstərmək, əhalini qorxutmaq məqsədi ilə onların öldürülməsinə cəhdin hazırlanması da ölüm hökmü ilə cəzalandırıla bilər.
Cinayət Məcəlləsinə dəyişiklik haqqında qanun rəsmi dərc edildiyi gündən 10 gün sonra qüvvəyə minəcək.