Bərdə şəhərinin raketlə vurulmasından üç il keçir
Bu gün Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raketlə atəşə tutulmasından üç il keçir.
Oxu.Az xatırladır ki, 2020-ci ilin oktyabrın 28-də Ermənistan ordusu Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirib.
Nəticədə aralarında uşaq və qadınlar da olmaqla 20 dinc sakin həlak olub, 82 mülki şəxs yaralanıb.
Faktla bağlı Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Qeyd edək ki, Bərdənin 2020-ci ilin 5, 8, 27, 28 oktyabr tarixlərində və 7 noyabrda raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər qəsdən öldürülüb.
26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.