Yeni ildə qiymətlər bahalaşacaq? - Komitə sədrindən PROQNOZ
Qarşıdan Yeni il bayramı gəlir. Bayram ərəfəsində Azərbaycanda ərzaq məhsullarının qiymət artımı “ənənəvi” xarakter alıb. Satıcılar fürsətdən istifadə edərək qiymətləri süni şəkildə qaldırır, daha çox pul qazanmağa çalışırlar.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bayramlar ərəfəsində qiymətlərin qalxması hər birimizdə təəssüf doğurur, ancaq bunun da müəyyən səbəbləri var.
“Həmin səbəblərdən biri də həmin dövrdə ərzaq məhsullarına olan tələbatın artması və onlardan daha çox istifadə edilməsidir. Bu da bazarda müəyyən qədər qiymətlərin artmasına səbəb olur. Digər tərəfdən, burada müəyyən sahibkarların da rolu var. Onlar süni şəkildə qiymətləri artırmaq istəyirlər.
Əslində, bayram vaxtı qiymətlər aşağı düşməlidir. Hesab edirəm ki, bu işbazlar müəyyən insafa gəlməlidir”, - deyə komitə sədri bildirib.
O qeyd edib ki, dövlət bazarda qiymətlərin süni qaydada artmasının qarşısını alır və bu istiqamətdə müəyyən tədbirlər həyata keçirir.
“Ancaq bu gün bazar iqtisadiyyatıdır, heç kimi istehsal etdiyi məhsulu aşağı qiymətə satmağa məcbur etmək mümkün olmur. İnsanların özlərində müəyyən qaydada bayramlara münasibət formalaşmalıdır, insanların tələbatının ödənilməsinə qayğı olmalıdır.
Ancaq son müşahidələr deməyə əsas verir ki, bazarda müəyyən ərzaq məhsullarının qiyməti aşağı düşüb. Misal üçün, müxtəlif növ yağ məhsullarının qiyməti enib. Un məmulatlarının qiymətlərinin azalması da müşahidə olunur. Xaricdən idxal olunan məhsulların çoxluğu və ölkədə məhsul istehsalının artması əsas verir ki, bayramda qiymətlər bir o qədər yüksəlməsin”, - deyə T.Rzayev əlavə edib.