Bakı bir günə həll etdi: Axundovun qaytarılması Ermənistanı qarışdırdı
Bakı və İrəvanın razılaşması nəticəsində Ermənistanın əsirliyində olan iki hərbçimiz – Hüseyn Axundov və Aqşin Bəbirov Azərbaycana qaytarılır, qarşılığında 32 erməni hərbçisi təhvil verilir. Bu addım Ermənistanda ciddi müzakirələrə səbəb olub, xüsusilə Hüseyn Axundov və Aqşin Bəbirova qarşı irəli sürülən qondarma ittihamlar fonunda.
Publika.az xəbər verir ki, ermənilər Hüseyn Axundova ömürlük həbs cəzasının verilməsindən bir gün sonra azad edilməsini Paşinyan hakimiyyətinin zəifliyi və Azərbaycan qarşısında geri çəkilməsi olaraq qiymətləndirir.
Aqşin Bəbirov və Hüseyn Axundov bu ilin 9 aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Hərbçilərimiz Ermənistanda işgəncəyə məruz qalıb və ermənilər törətdikləri vəhşlikləri sosial şəbəkələrdə yayıb. Bu vəhşilik Azərbaycanda ciddi ictimai müzakirəyə səbəb oldu. Daha sonra Ermənistan hakimiyyəti hərbçilərimizə qarşı qondarma ittihamlar irəli sürdü və Ermənistan məhkəməsi mayın 8-də Aqşin Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də Hüseyn Axundovu 20 il müddətinə azadlıqdan məhrum etdi.
Dekabrın 6-da isə Ermənistanın Appelyasiya məhkəməsi Hüseyn Axundovla bağlı qərarı dəyişərək, ona ömürlük həbs cəzası verib. Bu qərardan cəmi bir gün sonra – 7 dekabrda hərbçilərimizin azad edilməsi qərarı Azərbaycanın öz əsgərinə verdiyi dəyəri sübut edir.
Ermənistanda əsas müzakirə mövzu da məhz Hüseyn Axundova ömrlük həbs qərarının verilməsndən bir gün sonra Azərbaycana qaytarılmsıdır.
Hüseyn Axundovun qətlə yetirdiyi iddia etdikləri Zəngəzur mis-molibden kombinatının mühafizəçisinin qızı Hayrapet Meliksetyanın qızı Ani Meliksetyan Nikol Paşinyanı söyüb. O atasının əsas qatilinin Paşinyan olduğunu deyib.
“Nikol Paşinyan, sən alçaq, lovğa, yalançı adamsan. Atamı qaytar, qatil!” – o deyib.
Qeyd edək ki, Ermənistan hakimiyyəti H.Axundovun Meliksetyanı öldürdüyünü iddia etsə də, erməni mediası bu iddianı təkzib edən faktların olduğunu yazırdı.