İlham Əliyev müstəqillik, uğur və qələbə simvolu
Prezident İlham Əliyevin ilk dəfə Azərbaycan prezidenti seçilməsindən 20 il keçir. Azərbaycan dövləti heç olmadığı qədər ən güclü və parlaq dövrünü yaşayır.
Prezident seçildikdən sonra andiçmə mərasimində cənab İlham Əliyev Azərbaycanın gələcəyinə konseptual baxış xarakterli nitqində strateji prioritetləri müəyyən edib. Artıq o dövrdə İlham Əliyev ölkədaxili, geosiyasi və qlobal müstəvidə mövcud trendləri aydın görür, nəyi, nə vaxt və necə etməyi çox dəqiq bilirdi.
Buna görə də Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 illik dövr dövlətin strateji hədəflərə nail olması baxımından çoxəsrlik milli dövlətçiliyimizin ən parlaq səhifəsidir.
Bu, öz ideya qaynağını ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanı qurmasından götürür. İlham Əliyev Heydər Əliyevin qurub-yaratdığı dövləti güclü etdi.
Bir sözlə, 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkidə prezident seçilmiş İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi irsini davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla apardı.
İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi ki, bu da əsl möcüzədir. Dövlət başçısı kimi tarixi nailiyyətlər əldə etmiş İlham Əliyev qələbə və uğur simvoludur.
Lider cəmiyyətdə fəallığa nail olmağı, onu konkret məqsəd uğrunda səfərbər etməyi bacarmalıdır. Məsuliyyətli, uzaqgörən olmalıdır. Bütün bu keyfiyyətlər İlham Əliyevin şəxsində təcəssüm edir. O, həqiqətən də, böyük liderdir.
Çünki İlham Əliyev dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürən, vaxtında və düzgün qərarlar qəbul edərək tarixi bir missiyanı yerinə yetirməyi bacaran böyük şəxsiyyət və siyasi xadimdir.
Prezident İlham Əliyev cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri, kommunikasiya bacarığı ilə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz əldə edib.
Xarici ölkə liderləri, tanınmış ictimai-siyasi xadimləri, politoloqları Azərbaycan Prezidenti haqda müsbət fikirlərə malikdirlər.
İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük nailiyyətlər əldə edib.
2011-ci ilin oktyabrında Azərbaycanın 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsi və iki il ərzində uğurlu fəaliyyəti böyük uğur idi.
ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa kimi daimi üzvlərlə birgə Azərbaycanın dünyanın bir nömrəli beynəlxalq təşkilatının ən ali qurumunda iştirakı və sədrliyi ölkənin qazandığı nüfuz və etimadın göstəricisidir.
2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə QH-yə sədrliyi həyata keçirməyə başlayıb. Azərbaycanın sədrliyi dövründə QH-nin beynəlxalq aləmdə nüfuzunun artması və səmərəli fəaliyyəti ölkəmizin hərəkata sədrliyinin daha bir il uzadılmasına səbəb olub.
21-ci əsrdə dünyanın ən böyük pandemiyası - COVID-19-un yayılması zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə QH pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürüb və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər edib. Azərbaycanın təşəbbüsü ilə QH tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilib.
Türk Dövlətləri Təşkilatının güclənməsi və nüfuzunun artmasında İlham Əliyev və Azərbaycan faktoru da çox böyük hadisədir.
Azərbaycan regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan söz sahibinə çevrilsin və çevrilir də. Çünki Azərbaycan Prezident İlham Əliyevin sayəsində müstəqil siyasət yürüdür.
İlham Səlim oğlu Qaraqurbanlı
Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru