Prezident İlham Əliyevin siyasəti tariximizin misilsiz qələbəsidir, uğurudur
Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdaraq ölkənin parçalanmasının qarşısını alması, baş verən siyasi hərc-mərcliyə son qoyması ilə ölkəmiz inkişaf yoluna qədəm qoydu. Məhz 1993-cü ildə Ümummilli Liderin əsasını qoyduğu müstəqil Azərbaycanın uğurlu inkişafı özü ilə gətirəcəyi xoş günlərin anonsunu verdi. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanı bugünkü qüdrətinə çatdırdı.
İyirmi il bundan əvvəl Ulu Öndər xalqımıza səslənərək qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, onun siyasi varisi, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırdı. Heydər Əliyev İlham Əliyevin siyasi konturlarını müəyyən edərək, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğunu qeyd etdi. Müraciətində həm də Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görüləcəyini bildirdi.
Azərbaycan xalqı Ulu Öndərin bu çağırışını qəbul edərək seçkilərdə öz gələcək Liderini seçdi. O Lider xalqımızın taleyüklü məsələlərinin həllində bir daha öz mövqeyini göstərdi. Prezident İlham Əliyev Ümummilli Liderin xalqa müraciətində qeyd etdiyi axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri başa çatdırdı. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciətində bildirmişdi.
“Məhz Prezident İlham Əliyev xalqın sevgisini və dəstəyini qazanaraq, bizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Uzun illər həllini tapmamış münaqişəni 44 gün kimi qısa müddət ərzində həll etdi və bizi rəhbərlik etdiyi rəşadətli ordusu ilə bərabər qələbədən-qələbəyə apardı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu Zəfər həm də xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Dövlətimizin başçısının “Dəmir yumruğ”u hesabına tarixi torpaqlarımız düşmən işğalından azad edildi. Beynəlxalq siyasətin mahir bilicisi olan Prezident İlham Əliyev Qarabağdakı münaqişənin sülh yolu ilə həll edilməsi məqsədilə ATƏT-dən mandat almış vasitəçilərin münaqişənin həllindən yayınmasını müəyyənləşdi. Tərəfləri sülhə dəvət edən vasitəçilərdən konkret nəticəyönümlü addımların atılmasını tələb edərək, münaqişənin həllinin qeyri-müəyyən tarixə təxirə salınmasının qarşısını aldı.
Azərbaycan Ordusunun tarixi Zəfəri ilə bitən Vətən müharibəsi dövlət başçısının ordu quruculuğuna ayırdığı yüksək diqqət və qayğının nəticəsi idi. Azərbaycan Ordusunun arsenalının müasir silahlarla gücləndirilməsi, şəxsi heyətin yüksək döyüş hazırlığında yetişməsi istiqamətində atılan məqsədyönlü addımların bəhrəsini gördük. Ordumuzun göstərdiyi şücaətin əsasında isə onların Vətənə, millətə və xalqa olan bağlılıqları idi”.
20 illik prezidentlik dövründə İlham Əliyev saysız-hesabsız nailiyyətlərə imza atıb. Bu nailiyyətlər siyasi, diplomatik, iqtisadi, hərbi, sosial, mədəni, idman sahələri də daxil olmaqla, həyatın hər bir sahəsində özünü parlaq şəkildə təzahür etdirir. Bu nailiyyətlər sırasında ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğı xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Bu nailiyyətlərin, bu sahələrin hər biri ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyır. Bununla belə, 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin və ümumiyyətlə, tariximizin ən böyük, misilsiz qələbəsidir, uğurudur. Bu Zəfər cəbhədə, hərbi əməliyyatlar zonasında 44 gün ərzində edilsə də, ona gedən yol uzun illərin ağır zəhməti, mürəkkəb çağırışları və çətin mübarizəsi ilə doludur. Bu mübarizə hərbi, iqtisadi, siyasi sahələrdən savayı beynəlxalq səviyyədə aparılan gərgin və uzaqgörən diplomatiya, mürəkkəb xarici siyasət və xaricdən, müxtəlif güc mərkəzlərindən edilən təzyiqlərə mətanətlə sinə gərmək hesabına başa gəlmişdir.
Belə bir multikulturalizm siyasətinin nəticəsidir ki, Azərbaycan hərbçiləri Vətən müharibəsi dövründə ermənilərə, onların müqəddəs yerlərinə, qəbirlərə və dini abidələrinə münasibətdə ləyaqətlə davranıblar. Prezident İlham Əliyev qeyd edir ki, Ermənistandan fərqli olaraq “Azərbaycan Ordusu bütün müharibə dövründə müharibə qanunlarına əməl edərək müharibəni ləyaqətlə apardı”. Prezident onu da bildirir ki, Azərbaycan başqa cür davrana bilməzdi, çünki “bu, ümumiyyətlə, Azərbaycan xalqının xarakterinə ziddir”. Azərbaycan xalqının xarakteri ölkədə yürüdülən gənclər siyasətinin ideoloji təməlində duran, ümumbəşəri dəyərlərə hörmət bəsləyən azərbaycançılıq məfkurəsi ilə bağlıdır. Multikulturalizm siyasəti də öz növbəsində azərbaycançılıq məfkurəsinə xidmət edir. Azərbaycançılıq məfkurəsi din, dil, etnik və digər mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlıların ümumi vətəni olan Azərbaycan dövlətinə bağlılığını özündə ehtiva edir. Multikulturalizm siyasəti də bu bağlılığın möhkəmlənməsinə yönəlmişdir. Ona görə də azərbaycançılıq vətənpərvərliyin Azərbaycan nümunəsi kimi də səciyyələndirilə bilər və bu vətənpərvərlik nümunəsi Vətən müharibəsində, xüsusən də Şuşa döyüşündə öz təcəssümünün zirvəsinə çatdı. Bu qeydlər ona dəlalət edir ki, Azərbaycanda gənclər siyasətinin Heydər Əliyev tərəfindən 1997-ci ildə 2 Fevral - Gənclər Gününün təsis edilməsi ilə başlayan epoxası ideoloji baxımdan azərbaycançılıq məfkurəsinə əsaslanıb. Belə ideoloji təməl üzərində qurulmuş gənclər siyasətimizin qarşıdan gələn dövrdə əsas vəzifələrindən biri Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində orta güc konsepsiyası ilə xarakterizə edilən dövlət kimi oturuşmasında gənclərimizin rolunun gücləndirilməsinə xidmət etməkdir”.
Səma Həziyeva
Xocasən 103 nömrəli tam orta məktəbin direktoru