Şimal-Cənub dəhlizində Azərbaycan və Ermənistanın fərqi: İranın məkrli niyyəti bəlli oldu
İran üçün Şimal-Cənub dəhlizi daxilində Ermənistan və Azərbaycandan keçən yolların fərqli mənaları var.
Publika.az xəbər verir ki, bunu Avrasiya Tədqiqatları İnstitutunun eksperti Qodratullah Şafieh “NEWS.am”-ın müxbiri ilə söhbətində bildirib.
O izah edib ki, Azərbaycan məsələsində söhbət Rusiyaya, Ermənistan və Gürcüstan vasitəsilə isə Avropaya çıxışdan gedir. Ona görə də bu iki yolun İran üçün tamamilə fərqli mənaları var.
“Tehran həm Azərbaycan üzərindən Rusiyaya, həm də Ermənistan vasitəsilə Avropaya çıxışı təmin etməyə çalışır”, - ekspert əlavə edib.
“Hindistanın da istədiyi budur, o da İran, sonra Ermənistan və Gürcüstan vasitəsilə Avropaya çıxış əldə etmək istəyir”, -deyə Şafihe xatırladıb.
“Azərbaycandan keçən yolun nə vaxt açılacağı hələ məlum deyil, bu, illər çəkə bilər, çünki bu layihə çərçivəsində İranın özündə təxminən 100 km uzunluğunda dəmir yolunun tikintisi lazımdır”, - ekspert bildirib.
Eyni zamanda o hesab edir ki, şimala marşrutun yalnız Azərbaycan ərazisindən olması Tehran üçün risklərlə doludur, çünki Azərbaycan öz tranzit rolundan təsir rıçaqları kimi istifadə edə, istəsə, yolu bağlaya və İrana problemlər yarada bilər:
“Lakin Azərbaycan tərəfindən belə təxribatlar olarsa, İranın Rusiyaya ya Xəzər dənizi, ya Türkmənistan, ya da Qazaxıstan vasitəsilə alternativ yolları var ki, onlar artıq işləyir.
Amma bu mənada Ermənistandan keçən yol İran üçün daha vacibdir, çünki bu, Avropaya gedən yoldur”.
Şafie avropalıların özlərinin Hindistan-İran-Ermənistan-Gürcüstan-Avropa marşrutu ilə maraqlanmasının vacibliyini qeyd edib.
“Avropalılar da bu dəhlizin yaradılması üzərində işləməlidirlər və əgər Amerika sanksiyalarına görə İranla işləmək istəməsələr, bu dəhliz faydasız olacaq”, - ekspert yekunlaşdırıb.