Prezident seçkiləri Azərbaycanda yeni dövrün başlanğıcıdır
2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Bu qələbə xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir. Azərbaycan xalqı səsini İlham Əliyevə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirdi.
Prezident seçkiləri bir dövrün yekunu, yeni bir dövrün başlanğıcı sayılır. Ötən ilin sentyabrında suverenliyimiz tam bərpa olundu, Qarabağda separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Bununla da Azərbaycan tarixinin çox mühüm dövrünə yekun vuruldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli sərkərdəliyi, öz müdrik siyasəti ilə xəyal kimi görünən arzularımızı həqiqətə çevirdi. İndi isə yeni bir dövr başlayır, bu dövrün başlanğıcı məhz prezident seçkiləri ilə qoyulur.
Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı şanlı Qarabağ Zəfərinin sevincini yaşayır, haqlı qürur hissi keçirir. Azərbaycanın çoxəsrlik tarixində heç vaxt buna bənzər qələbə olmayıb. Xalqımız öz prezidenti ilə fəxr edir, ona qələbə sevinci yaşadan, başucalığı gətirən liderinə böyük dəstək verir. Prezident seçkiləri bunun daha bir bariz təcəssümü oldu.
Digər diqqət çəkən məqam ondan ibarətdir ki, ilk dəfə olaraq bu seçkilər Azərbaycanın hər bir guşəsində, o cümlədən 30 illik işğaldan azad edilmiş torpaqlarımızda keçirildi.
Biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlamışıq. Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən - uğurlu antiterror tədbirlərindən sonra başlayıb. Bir sutkadan da az çəkən bu tədbirlər Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi. Separatçı rejim diz çökdü və ağ bayraq qaldıraraq təslim oldu.
Daha bir mühüm məqam Prezident İlham Əliyevin fəaliyyətinin 20 ilinin tamam olmasıdır. Seçkilər həm də bu misilsiz dövrün yekunu oldu və xalqın yüksək qiymətini aldı.
Son olaraq bildirmək istəyirik ki, dünən yəni 7 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edirik. Əminik ki, Liderliyiniz, müdrikliyiniz və humanistliyiniz sayəsində nəcib xalqımızı inkişaf və tərəqqi yolunda irəliyə aparmaqda davam edəcəksiniz. Daha yeni zirvələrə doğru irəli! Yaşasın Azərbaycan!”.
Vəlişov Amil Qədir oğlu
Sabirabad rayon Azad kənd Bələdiyyə sədri