Müharibə genişlənir: Rusiya nüvə silahını işə salacaq - Putinin yaxın adamı elan etdi
Rusiya-Ukrayna müharibəsi 2-ci ilini arxada qoysa da, yerdəki vəziyyət qlobal sülh üçün ciddi risk yaradır. Xüsusilə son zamanlar həm müharibə tərəflərinin, həm də bu iki ölkəni ayrı-ayrılıqda dəstəkləyən liderlərin mesajları gərginliyi daha da artırıb.
Publika.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun yeridilməsi məsələsini gündəmə gətirib. O, Avropa və NATO-ya “bu ehtimalı nəzərdən qaçırmayaq” çağırışı edib.
Rusiya prezidenti Vladimir Putin Makrona nüvə gücünə diqqət çəkərək cavab verib və Qərbi - “Regiondan uzaq durun!”, - deyərək hədələyib.
Putinin “mentoru” kimi tanınan strateq Aleksandr Duqin tərəflər arasında gedən çəkişmələri, dünyanın hansı istiqamətə getdiyini və Türkiyənin müharibəyə qarşı mövqeyini şərh edib.
“Biz heç vaxt nüvə müharibəsinə bu qədər yaxın olmamışıq. Hazırda qütblərarası müharibə gedir. Bu, birqütblü dünya nizamı ilə Qərbin qorumağa çalışdığı çoxqütblü sistem arasındadır. Münaqişə xətləri Ukrayna, Fələstin və Tayvandır. Afrika və Cənubi Amerikada da yeni cəbhə açıla bilər. Yeni dünya nizamının formalaşması mərhələsindəyik. Bu proses qaynar münaqişələrə səhnədir. Ən pisi odur ki, indi nüvə müharibəsi riski ilə üz-üzəyik. Rusiyanın şəhərlərinə hücumlar hər an nüvə müharibəsini başlada bilər”, - Duqin bildirib.
A. Duqin qeyd edib ki, Üçüncü Dünya müharibəsi müəyyən mənada başlayıb: "Bunun ilkin mərhələsindəyik. NATO liderləri anlamırlar ki, atdıqları addımlar nüvə faciəsinə gətirib çıxara bilər. Rusiyaya hücum dünyanın məhvidir. NATO indiki siyasətini davam etdirsə, bu dəhşətli gün qaçılmaz olacaq".