Zamiq Babayev
“Azərbaycan bayrağı” media mükafatı laureatı
Mən, Babayev Zamiq Mahiz oğlu 1984 martın 27-də Şəki şəhərində anadan olmuşam. 2001-ci ildə 5 nömrəlı orta məktəbi bitirmişəm. 2002-2003-cu illərdə hərbi xidmətdə olmuşam. 2004-2009-cu ildə Bakı Dövlət Universitetin Psixologiya fakültəsini bitirmişəm. Fərdi bizneslə məşğulam, “Azərbaycan bayrağı” media mükafatçısıyam.
***
Bildiyimiz kimi, 2 fevral tarixi Azərbaycan gənclərinin bayramıdır və bu gün tariximizdə önəmli yer tutur. Gəncliyimiz bu günü böyük fərəh və məmnuniyyət hissi ilə hər il yüksək səviyyədə qeyd edir. Bilirsiniz ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən bu tarixin Azərbaycanda gənclər günü kimi qeyd edilməsi haqqında qərar verilib. Bu, Ulu öndərimizin Azərbaycan gəncliyinə verdiyi qiymətin göstəricisidir. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşıb. Məhz Onun təşəbbüsləri və qəbul etdiyi qərarlar əsasında cəmiyyətimizdə gənc nəslin inkişafı üçün əməli addımlar atılıb, gənclərin yüksək təhsil alması, dövlət idarəçiliyində təmsilçiliyi, bütövlükdə cəmiyyətdə layiqli yer tutması üçün lazımi tədbirlər həyata keçirilib.
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan gəncliyinin inkişafı, dünyaya inteqrasiyası üçün yaddaqalan addımlar atan Ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıdışından sonra gənclərə münasibətdə daha böyük diqqət və qayğı göstərdi. Çünki ölkənin ağır sınaqlardan keçdiyi həmin dövrdə müstəqil dövlətin gələcəyi məhz gənclərin maddi, mənəvi, psixoloji, intellektual baxımdan hansı təməllər üzərində formalaşacağından asılı idi. Təsadüfi deyil ki, hələ 1993-cü ildə Ali Sovetin sədri olarkən Ulu öndər sovetlər dönəmində xarici ölkələrə, o cümlədən, sovet respublikalarına oxumağa göndərilən gənclərlə, bir sıra gənclər təşkilatlarının rəhbərləri ilə görüş keçirdi, ölkəmizin keçdiyi yolları bir daha göz önünə gətirdi, xatırlatdı, gənclər siyasətinin formalaşması ilə bağlı fikirlərini bildirdi.
1994-cü ildə Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması isə gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan vermiş oldu. Ulu öndər Heydər Əliyevin gənclərə qayğısı geniş və əhatəli idi. Bu, həm gənclərin təhsil almasında, həm onların qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdə, həm də gənclərin dövlət orqanlarına işə qəbulunda özünü göstərirdi. Nəticədə isə gənclər dövlətin diqqətini hiss etməklə yanaşı, öz üzərlərindəki məsuliyyəti dərk etməyə, dövlət quruculuğu prosesində daha yaxından iştirak etməyə başladılar.
Qeyd olunmalıdır ki, müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-cı il fevralın 2-də keçirilən forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu. Ulu öndərin həmin forumdakı çıxışı gənclərimiz üçün bir çağırış rolunu oynadı: "Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır". Təsadüfi deyil ki, 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 2 fevral Azərbaycan tarixinə Gənclər Günü kimi düşdü. Bütün Azərbaycan gəncliyi bu bayramı hər il yüksək səviyyədə qeyd edir.
Biz çox sevinirik ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mən deyərdim ki, cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini yaşayır. Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Dövlətimizin siyasətində gənclər məsələləri mühüm yer tutur. Yəni Azərbaycanın maliyyə-iqtisadi imkanları artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və gəncliyin inkişafı, yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.
Ümumiyyətlə, hər bir sahənin inkişafı üçün dövlət proqramları qəbul olunaraq icra edilir. Proqramlar əsasında inkişaf müsbət nəticələr verir. Bu mənada gənclərin inkişafına yönəlmiş proqramları da əhəmiyyətli hesab edirəm.
Bilirsiniz ki, 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq olundu. Xatırladım ki, buna qədər də əvvəlki illəri əhatə edən anoloji proqramlar qəbul olunmuşdu. Amma əhatəliliyi baxımdan, hazırki sənəd daha geniş və məzmunludur. Eyni zamanda, ölkədə gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradıldı. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.
Bununla da, Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradıb. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə qəbul olunan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Dövlət Proqramının həyata keçirilməsi zərurəti ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalmasından irəli gəlir. Əslində, qəbul olunan proqram dövlət-vətəndaş münasibətlərinin formalaşdırılmasını istiqamətində yeni bir mərhələ sayılmalıdır. Eyni zamanda, Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil almalarını nəzərdə tutan proqram da insan kapitalının daha da güclənməsinə yönəlmiş mühüm bir addımdır. Ümumiyyətlə, bu sahədə digər proqramlar da icra olunur ki, onlar bütövlükdə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına böyük töhfələr verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.