bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Fazil Mustafaya sui-qəsd işi üzrə hadisə şahidi danışdı

16-03-2024, 12:56 1 dəfə baxılıb






Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi davam etdirilib və iş üzrə şahidlər dindirilib.

Şahid Elməddin Əliyev bildirib ki, axşam saat 10-a qalmış atəş səsi eşidib:

"Mən o ərazidə yaşayıram. Atəşin səsinə çıxdım. 21:35 olardı. Dalbadal 2-3 atəş səsi eşitdim. Aşağı düşəndə yanımdan təxminən 30 yaşında olan, başında dimdikli kepka olan birinin keçdiyini gördüm".

Digər şahid Samir Eyyubov hadisə vaxtı taksi fəaliyyəti ilə məşğul olduğunu deyib:

"Hava qaranlıq olduğundan, eyni zamanda şəxsin üzündə maska olduğundan simasını görə bilmədim. O arxa oturacaqda əyləşmişdi. Onun əlində sumka və onun da içində dikinə bir əşya olduğunu gördüm".

Şahid Saleh Ağayev də hal şahidi olduğunu diqqətə çatdırıb. Bildirib ki, polislər onu evə baxış zamanı hal şahidi qismində dəvət ediblər:

"Təndirdə işləyirəm. Polislər məni işdən çağırıb dəvət etdilər. Evdə ancaq dini kitablar görmüşəm. Evdə iki xanım idi. Stolun da üstündə gözümün qabağında sayılmış 15 min manatı gördüm".

Şahid İslam Zeynalov isə ehtiyatda olan zabit olduğunu deyib:

"Mən həmin ərazinin həndəvərində yaşayıram. 6-8 güllə atıldı. Güllələr tək-tək atılıb. 7.62 mm-in (kalaşnikov avtomatının kalibri - red) səsi idi".

Məhkəmənin növbəti iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sarıcanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs ediliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930