Bu gün İlaxır çərşənbədir
Bu gün Azərbaycanda Novruz bayramının 4 çərşənbəsindən sonuncusu, ilaxır çərşənbə – Torpaq çərşənbəsidir.
Publika.az xəbər verir ki, bu çərşənbədə yerin üstündə və altında olanlar yenidən canlanır, dirilir. Torpaq çərşənbəsinə əksər hallarda ilin, ayın axır çərşənbəsi də deyilir. Sonuncu çərşənbə əvvəlki üç çərşənbəyə nisbətən daha təmtəraqlı keçirilir. Bu mərasimlər xüsusən, rayon və kənd yerlərində qeyd olunur.
Bu çərşənbədən əvvəlki həftə ərzində, yəni Yel çərşənbəsindən sonra qəbirləri ziyarət edir, il ərzində ölənlər üçün Qara bayram deyilən bayram süfrəsi açır, ehsan paylayırlar. İlaxır çərşənbədə artıq bu işlər başa çatmış olur və hamı bayramı xoş ovqatla qarşılamağa hazırlaşır.
Hamı təzə geyinir, başa, ələ, ayağa xına yaxırlar. Axırıncı çərşənbədə nəzir götürən ailələr səməni halvası çalıb, qapı-qapı paylayar. Odla bağlı şənliklər şər qarışanda keçirilər. Tonqal qalanar, hamı tonqalın üstündən atlanar. İlin ağrı-acısı sevinclə əvəzlənər.
Axır çərşənbədə yumurtanı qırmızı boyayarlar. Süfrənin üçtünə xeyir-bərəkət rəmzi olan səməni qoyular. Səməninin belinə qırmızı lent bağlayarlar. Səhər tezdən çaydan çərşənbə suyu gətirib evə çiləyər, içərlər.
Axır çərşənbədə Qodu-Qodu mərasimi, kəndirbaz oyunları, xoruz döyüşməsi, güləş, Xan-vəzir oyunu, cıdır, zorxana yarışları keçirilər. Süfrəyə şərbətlər, paxlava, qoğal, fəsəli, qatlama, şəkərbura qoyular, aş qazanı asılar.
Axır çərşənbədə təkcə ev-eşik yox, insanların qəlbi də təzələnir. Küsülülər barışar, qulaq yaxşı söz eşitsin deyə hamı xoş sözlər söyləyər. Qulaq falına yalnız axır çərşənbədə çıxarlar. Çərşənbə axşamı söyüş, qarğış, ürəkbulandıran söz söyləməzlər.
Bu gündə kimsəsiz insanlar da diqqətdən kənarda qalmaz. Cavan qızlar evdən düyü, yağ, şirniyyat gətirib kimsəsiz qocalardan birinin evinə yığardı. Gətirilən şeylərə cürcənə deyirdilər. Həmin cürcənədən bayram süfrəsi açılardı.
Torpaq çərşənbəsindən sonra artıq yeni il, yeni gün-Novruza hazırlıq başlayır. Bu dörd çərşənbə tamamlanır və yeni həyat - Novruz doğulur.
Qeyd edək ki, bu il yaz fəsli ölkəyə martın 20-si saat 07:06-da daxil olacaq.