Prezident İlham Əliyevin siyasi bilikləri və təcrübəsi onu yenidən qalib etdi
Prezident İlham Əliyevin siyasi bilikləri və təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub.
Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Məhz buna görə də dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir.
Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir.
Bu illər ərzində beynəlxalq qurumlarla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin qlobal imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya miqyasındakı nüfuzunun göstəricisidir.
Ötən ilin dekabr ayında dünya ölkələri ən böyük beynəlxalq konfransın (COP29) Bakıda keçirilməsi haqqında yekdil qərar qəbul etdilər. Bu, Azərbaycana və onun liderinə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətin ifadəsi olmaqla, eyni zamanda, ölkəmizin yaşıl enerjiyə keçidinə verilən böyük qiymətdir.
Prezident seçkilərində İlham Əliyevə səs verən xalqımız əmindir ki, bu nailiyyətlərin davamı gələcək, yeni dövrdə qarşıda duran yeni vəzifələr də uğurla yerinə yetiriləcək.
Son olaraq bildirmək istəyirik ki, 7 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edirik. Əminik ki, Liderliyiniz, müdrikliyiniz və humanistliyiniz sayəsində nəcib xalqımızı inkişaf və tərəqqi yolunda irəliyə aparmaqda davam edəcəksiniz. Daha yeni zirvələrə doğru irəli! Yaşasın Azərbaycan!”.
Əliyev Müşviq Sarxoş oğlu
İş adamı