bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xalqını sevdiyi qədər sevilən insan

28-08-2019, 14:05 222 dəfə baxılıb

Xalqını sevdiyi qədər sevilən insan



Humanizm, xeyirxahlıq və nəcib əməllər bəşər durduqca yaşayır, bu ali mənəvi keyfiyyətlərin sahibləri, şərəfli missiyanın daşıyıcıları isə öz varlıqları ilə xalqına daim başucalığı, şan-şöhrət gətirir, onun sevimlisinə çevrilirlər. Nəsildən-nəslə keçən xeyirxahlıqları, nəciblikləri hər an insanlara kömək etmək, onlara yardımçı olmaq kimi ülvi hissləri ilə doğulduqları torpağın, sahibi olduqları Vətənin şərəfini yüksəklərə ucaldırlar. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olmuş ölkəmizin birinci xanımı Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan belə görkəmli şəxsiyyətlərdəndir.

Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik missiyasını şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub həyatımızın bütün sahələrinə dərindən nüfuz edir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, həmçinin Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, "Azərbaycan - İrs" jurnalının baş redaktorudur.

Fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurların qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, Azərbaycanın mədəni irsinin bütün dünyada tanınmasına və təbliğinə nail olub. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldib. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara xüsusi diqqət yetirir, onların problemlərinin həllinə kömək edir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında indiyədək çox kitablar yazılıb. Onun Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfır, təhsil sisteminin himayədarı və digər sahələrdəki fəaliyyəti geniş işıqlandırılıb. Bu baxımdan Azərbaycan Yazıçılar Birliyinin üzvü Sabir Hüseynovun tərtib etdiyi "Humanizm və xeyirxahlıq missiyası" kitabı xüsusi qeyd olunmalıdır. İdeya və ön sözün müəllifi hüquqşünas-alim Əli Eyvazov, elmi redaktoru Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinin müəllimi Samirə Eyvazova olan bu kitab "Nurlan" nəşriyyatı tərəfindən nəfis şəkildə çap edilmişdir.

Kitabda qısa zaman kəsiyində millət və dövlət maraqları baxımından strateji əhəmiyyət daşıyan bir sıra mühüm layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu xoş məramdan söhbət açılır. Müdrik siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi müstəqil dövlətçilik strategiyasını bu gün onun siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyev uğurla davam etdirir. 2004-cü il may ayının 10-da cənab İlham Əliyevin iştirakı ilə açılmış Heydər Əliyev Fondu da bu ali məqsədə xidmət göstərir. Fondun yaradılmasının ümdə məqsədlərindən biri məhz Heydər Əliyevin zəngin irsinin, onun xalq, Vətən qarşısında misilsiz xidmətlərinin dərindən, hərtərəfli öyrənilməsinə və təbliğinə, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ondan istifadə olunmasına yönəldilmiş genişmiqyaslı proqramların və tədbirlərin həyata keçirilməsidir.

Ulu öndərimizin çoxşaxəli fəaliyyətində ölkənin iqtisadi, sosial və mədəni tərəqqisində mühüm amillərdən olan elm, təhsil və mədəniyyətin, səhiyyə və idmanın inkişaf etdirilməsi məsələləri əhəmiyyətli yer tuturdu. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz növbəsində bütün bu sahələrdəki layihələrin həyata keçirilməsinə, xüsusilə də dünya standartlarına cavab verən və ən müasir informasiya - kommunikasiya texnologiyaları ilə təchiz olunmuş məktəblərin tikintisinə, azərbaycançılıq məfkurəsinin bərqərar olunmasına, milli-mənəvi dəyərlərin qorunmasına, böyüməkdə olan gənc nəslin sağlam, hərtərəfli biliyə malik, layiqli vətəndaş, gələcəyin mütəxəssisi kimi yetişməsinə yardım edir.

"Humanizm və xeyirxahlıq missiyası" kitabında fondun çoxşaxəli fəaliyyəti, onun cəmiyyətimizdəki əhəmiyyətli rolu öz geniş əksini tapıb. Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın, hüquqşünas-alim Əli Eyvazovun, BDU-nun müəllimi Samirə Eyvazovanın, "Azərbaycan" qəzetinin şöbə redaktoru Xalid Niyazovun, əməkdar jurnalist Ənvər Məşədiyevin, yazıçı Sabir Hüseynovun və digərlərinin yazılarında bu çoxşaxəli fəaliyyətin ayrı-ayrı istiqamətləri konkret faktlarla dolğun işıqlandırılıb. Eyni zamanda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yüksək humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən ətraflı söz açılıb. Kitabdakı elmi-publisistik yazılarla tanışlıq oxucuda canlı təəssürat oyadır, böyük el məhəbbəti qazanmış Mehriban xanım Əliyevanın siyasi portreti göz önündə canlanır.

"Humanizm və xeyirxahlıq missiyası" kitabında haqlı olaraq qeyd olunur ki, cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın, savab əməllərin müqəddəs ünvanına çevrilməklə, zaman etibarı ilə o qədər də böyük olmayan müddətdə ümumxalq mənafeyi baxımından bir sıra strateji layihələri uğurla gerçəkləşdirməyə nail olmuş Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin hər bir səhifəsi özündə ulu öndərimizin ali ideallarını parlaq şəkildə təcəssüm etdirir. Qloballaşmanın bütün dünyada qarşısıalınmaz prosesə çevrildiyi, kütləvi mədəniyyət steoritiplərinin hakim olduğu bir dönəmdə Heydər Əliyev Fondu minilliklər boyu formalaşaraq xalqımızın milli varlığının və özünəməxsusluğunun ifadəsi kimi üzə çıxan zəngin mənəvi irsi, milli düşüncə və dəyərlər sistemini nəinki qoruyub saxlamağa, onu inkişaf etdirməyə, bəşəri miqyasda tanınmasına və təbliğinə nail olmuşdur.

Hörmətli Mehriban xanım Sizi doğum günü münasibəti ilə təbrik edir. Sizə gələcək işlərinizdə uğurlar arzulayırıq.


Samirə Musayeva,
Bakı şəhər 233 nömrəli tam orta məktəbin biologiya müəllimi,
ilin təhsil işçisi, Məktəbin Həmkərlar Təşkilatının sədri, Biologiya üzrə
fəlsəfə doktoru, “Azərbaycan bayrağı” və “Zirvə” mükafatları laureatı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031