Cinayətləri proqnozlaşdıra bilən süni intellekt yaradıldı
Cənubi Koreya alimləri cinayətləri proqnozlaşdırmağa qadir olan süni intellekt (AI) modeli yaradıblar.
Bu barədə “Tech Xplore” məlumat yayıb.
Cənubi Koreyanın Elektronika və Telekommunikasiya Tədqiqat İnstitutu (ETRI) tərəfindən təqdim edilən model real vaxt rejimində video görüntüləri təhlil etmək və cinayət risklərini qiymətləndirmək qabiliyyətinə malikdir. Sistem ilkin video çəkilişlərdən, davranışlar toplusundan və statistikadan öyrənir.
Alimlərin "Dejaview" adlandırdıqları texnologiya bir çox amilləri qiymətləndirərək cinayət nisbətlərinin artımını proqnozlaşdıra bilir. O, həmçinin insanların ictimai yerlərdə davranışlarını təhlil edir, cinayətkarların davranışları ilə müqayisə edir. Dejavyu həmçinin pis əməllərin və cinayətlərin növlərini ayırd edə bilir. Ekspertlərin fikrincə, sınaq zamanı model 82 faizdən çox dəqiqliklə bir neçə cinayəti proqnozlaşdırıb.
Sistem insanın davranışını dərindən təhlil etmək üçün ona nəzarət edə bilir. ETRI nümayəndələrinin sözlərinə görə, onlar 2025-ci ilin sonunda "Dejaview"in kommersiya versiyasını təqdim etmək niyyətindədirlər.
Sentyabrın ortalarında Kornell Universitetinin (ABŞ) alimləri sui-qəsd nəzəriyyəçilərini inandırmağa qadir olan süni intellekt (AI) modelini yaratdılar. Model fərdi yanaşmadan istifadə edir və faktlara əsaslanaraq həmsöhbətlə mübahisə edir.