Azərbaycanın şanlı tarixidir 44 günlük Vətən müharibəsi
44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunan xatirə lövhəsinin önündə çıxış edərkən deyib. Bəli, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.
2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Vətən müharibəsi Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun rəşadəti və qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı.
Vətən müharibəsi birdaha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlərbizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi, torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərin qisası alındı. Xalqımızın əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdəndir. İşğal altındakı ərazilərimiz düşməndən azad olunandan bir neçə gün sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi torpaqlarımıza səfərləri hər birimizdə qürur hissi yaratdı. Dövlətimizin başçısı həmin ərazilərdə bayrağımızı ucaldaraq bəyan etdi ki, bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu babalarımız yaşayıb, biz yaşamışıq, xalqımız yaşayıb.İşğalçı ermənilərin onilliklər boyu vurduğu yaraları sağaltmaq, Qarabağı işğaldan əvvəlki gözəl çağlarına qaytarmaq üçün indi Azərbaycan dövləti və xalqı böyük işlər görür.
44 günlük Vətən müharibəsində Zəfər Günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Xalqın "dəmir yumruq"da birləşərək düşmənə zərbə vurması tarixin əbədi yaddaşına yazılmışdır. Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar. Qarşınızda baş əyirik, yurdu yaşatmaq üçün can verən qəhrəmanlarımız!
Zamiq Babayev
iş adamı YAP üzvü