bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

44 gün sürən Vətən Müharibəsi

26-09-2024, 14:21 12 dəfə baxılıb





XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.

Azərbaycanın illərdir Ermənistanın işğalı altında qalan ərazilərini azad etməsi əməliyyatına hər cür maneçilik törədilməsini qarşısına məqsəd qoymuş bir sıra xarici dairələrin müharibə dövründə hadisələri manipulyasiya cəhdləri boşa çıxdı. Döyüş meydanında gedən gərgin savaşın fonunda informasiya mübarizəsi çərçivəsində də düşmən tərəfindən ölkəmizə qarşı çirkin piar kampaniyası aparılır, Dağlıq Qarabağ münaqişəsinin alovlanması, Vətən müharibəsinin gedişatı barədə uydurma və yalan informasiyaların beynəlxalq cəmiyyətə çatdırılmasına çalışılırdı. Lakin düşmən döyüş meydanında olduğu kimi informasiya mübarizəsi sahəsində də uğursuzluğa düçar olmuşdur. Dövlətimizin başçısı cənab İlham Əliyev qalib sərkərdə olmaqla yanaşı, düşmənə qarşı informasiya müharibəsində də baş rolda çıxış edirdi. Müharibənin getdiyi dövrdə ölkə Prezidenti 30-a yaxın xarici kütləvi informasiya vasitələrinə müsahibələrində Dağlıq Qarabağ münaqişəsinin tarixi və Azərbaycanın apardığı Vətən müharibəsinin gedişi barədə həqiqətləri dünyaya bəyan edir, ona ünvanlanan bəzi təxribat xarakterli suallara yüksək diplomatik məharətlə cavab verirdi. Eyni zamanda bu müsahibələrdə Prezident İlham Əliyev qardaş Türkiyə Respublikasının müharibə boyu Azərbaycana verdiyi dəstəyi də xüsusilə vurğulayırdı.

Təbii ki, şanlı Zəfərin əldə olunmasında qardaş Türkiyə xalqının və dövlətinin müharibənin başlandığı ilk gündən canı və qanı ilə bağlı olduğu Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi olaraq qeyd etməliyik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş ölkənin digər rəsmi şəxslərinin Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi yolunda apardığı savaşın onun haqq işi olduğunu və dəstəyin sona qədər göstəriləcəyini bəyan edən fikirlər səsləndirmələri və bəyanatlar vermələri bu müqəddəs missiyanın uğurla başa çatdırılmasında mühüm rol oynamışdır.

Vətən müharibəsindən sonra hər iki dövlətin sarsılmaz birliyinin daha bir təcəssümü kimi Türkiyə və Azərbaycan prezidentlərinin 2020-ci ilin dekabr ayında Bakı şəhərində, Azadlıq meydanında keçirilən Zəfər paradında birgə iştirakı da bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığını və dostluğunu bir daha göstərdi.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında müasir və müstəqil Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Vətən müharibəsində qazanılan, tariximizə qızıl hərflərlə yazılan Zəfərimiz Azərbaycanın nə dərəcədə sarsılmaz dövlət olduğunu, xalqımızın əzmini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısının da dediyi kimi, biz bu torpaqları danışıqlar yolu ilə yox, şəhidlərimizin canı, qanı bahasına geri aldıq. Hər birimiz Vətən müharibəsində qazanılan tarixi qələbəyə görə şəhidlərimizə, bu yolda sağlamlıqlarını itirmiş müharibə iştirakçılarına borcluyuq.

Bu gün şəhid ailələrinin və müharibə iştirakçılarının üzləşdikləri çətinliklərin və problemlərin həlli, onları narahat edən məsələlərə xüsusi diqqət və qayğı göstərilməsi dövlət başçısının yürütdüyü sosialyönümlü siyasətin mərkəzində dayanan prioritet vəzifədir. Digər dövlət qurumları kimi öz səlahiyyətləri çərçivəsində Dövlət Təhlükəsizliyi Xidməti də bu yönümdə müəyyən fəaliyyət həyata keçirir, qeyd olunan kontingentə aid vətəndaşların Xidmətə etdikləri müraciətlərə xüsusi həssaslıqla yanaşılır, həlli yönümündə zəruri əməli addımlar atılır. Eyni zamanda qeyd etmək istərdik ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu kateqoriyadan olan vətəndaşlarımızla mütəmadi görüşlər keçirilir, onların sosial problemlərinin həlli üçün müvafiq kömək göstərilir. Bununla yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətində çalışmaq istəyi ilə müraciət edən şəhid ailə üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının Xidmətdə işlə təmin olunması istiqamətində də müvafiq tədbirlər görülməkdədir.

Qətiyyətlə inanırıq ki, "Düşməni torpaqlarımızdan qısa müddət ərzində qovduğumuz kimi, Qarabağı da qısa müddətdə bərpa edəcəyik" söyləyən Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa nəzarəti altında intensiv şəkildə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı və vətəndaşlarımızın Böyük qayıdışının həyata keçirildiyi Qarabağımız tezliklə keçmiş əzəmətini qaytararaq dünyanın ən çox ziyarət olunan və ən abad yerlərindən birinə çevriləcəkdir.

Ermənistanda revanşist hisslərlə yaşayan qüvvələr və onlara havadarlıq edən xarici dairələr isə regionda yaranmış yeni reallıqları qəbul etməli, Azərbaycanın təhlükəsizliyinə risk yaradacaq bütün çirkin əməllərdən çəkinməlidirlər. Əks halda nəzərə almalıdırlar ki, dövlət başçısının dediyi kimi, "Dəmir yumruq yerindədir!": "Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın!".



Balaşov Qulaməli Qurbanəli oğlu
ADPU-nun “Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası”
kafedrasının dosenti, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru,
“Qabaqcıl təhsil işçisi”, YAP-ın üzvü






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930