27 sentyabr Azərbaycanda Anım Günüdür
Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması. Anım Günü müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.
Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Məğlubiyyətə düçar olan, döyüşdən qaçmasın deyə səngərlərdə öz əsgərinin ayağını zəncirləyən Ermənistan rəhbərliyi milli birliyimizə xələl gətirmək, əhali arasında çaxnaşma yaratmaq, qələbə əzmimizi sındırmaq məqsədilə yenə günahsız insanlarımızı hədəf aldı. 44 gün ərzində Gəncəyə, Bərdəyə, Tərtərə atılan ballistik və kasetli raketlər birliyimizi pozmağa, həmçinin millətin ruhunu qırmağa hesablanmışdı. Amma baş verən bu müharibə cinayətləri millətin əzmini, iradəsini əzə bilmədi, əksinə daha da gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq millət bir olaraq Ali Baş Komandanın ətrafında tək yumruğa çevrildi. Bu dövrdə Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi.
Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı təkbaşına apardığı siyasi-ideoloji mübarizə ordumuzu qələbəyə daha da ruhlandırdı. Ali Baş Komandan şiddətli döyüşlərin getdiyi ən çətin günlərdə nüfuzlu dünya informasiya agentliklərinə verdiyi dərin məzmunlu müsahibələrlə beynəlxalq ictimai rəydə də müharibəni qazandı. Dünya ölkələri Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin timsalında yüksək hazırlığa, geniş dünyagörüşünə malik olan fərqli bir liderlə qarşılaşdı. Hərtərəfli hazırlıq səviyyəsi, yüksək intellektual qabiliyyəti, dönməz iradəsi və qətiyyəti ilə İlham Əliyev bütün təzyiqlərə cəsarətlə sinə gərdi, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev Vətən müharibəsində qazandığı böyük zəfərlə çoxəsrlik Azərbaycan tarixinə müasir dövrün müzəffər Ali Baş Komandanı olaraq daxil oldu.
Qazanılan mütərrəqi zəfərlə: - ərazi bütövlüyümüz təmin edildi; - ordumuzun gücü və imkanları bütün dünyaya nümayiş olundu; - milli birliyimiz daha da möhkəmləndi; - BMT-nin Dağlıq Qarabağla əlaqədar qətnamələrinin həyata keçirilməsi təmin edilmiş oldu; - yalançı erməni uydurmaları ifşa olundu; - Ermənistan üçün isə uydurma iddialardan əl çəkib region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yarandı.
Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi” - söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
Raziyə Məmmədova
Bakı şəhəri 69 nömrəli tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini