Putinin nüvə planı, ABŞ-ın “Kremldəki adamı” - Müharibənin gizlinləri ilk dəfə üzə çıxır
“Vaşinqton Post” qəzetinin keçmiş jurnalisti, “Vatergate” qalmaqalının araşdırılması ilə məşhurlaşan, “Pulitzer” mükafatlı Bob Vudvord “Müharibə” adlı kitabında Rusiya-Ukrayna müharibəsi ilə bağlı pərdəarxası detalları açıqlayıb.
Vudvord ABŞ rəsmilərinin 2022-ci ildə Rusiyanın Ukraynanı işğal etmək planını Kremldəki bir şəxsdən öyrəndiyini iddia edib.
Onun sözlərinə görə, Ağ Ev artıq 2021-ci ilin oktyabr ayında Putinin 175 min əsgərlə Ukraynaya hücum etməyi planlaşdırdığına əmin idi: “Bu məlumatın mənbələrindən biri də “Kremldə olan adam” idi. ABŞ prezidenti Co Bayden 2021-ci ilin dekabrında kəşfiyyat məlumatlarını iki dəfə Putinlə bölüşüb. Zənglərdən birində Putin “nüvə müharibəsi riskini hədələyici şəkildə artırıb”. Bayden isə ona “nüvə müharibəsi qəbuledilməzdir” formasında cavab verib”.
Vudvord yazır ki, 2022-ci ilin sentyabr ayına qədər ABŞ kəşfiyyatı Putinin Ukraynada taktiki nüvə silahından istifadə edə biləcəyini hesab edirdi, çünki müharibə zamanı Rusiyanın itkiləri narahatedici səviyyədə idi: “Ağ Ev nüvədən istifadə şansını 50 faiz qiymətləndirib. Bayden milli təhlükəsizlik müşaviri Ceyk Sullivana göstəriş verib ki, “bütün kanallar vasitəsilə ruslarla əlaqə saxlasın” və ABŞ-ın cavab addımlarını təqdim etsin”.
Vudvord qeyd edir ki, oktyabr ayında ABŞ müdafiə naziri Lloyd Ostin həmin vaxt Rusiyanın müdafiə naziri olan Sergey Şoyquya zəng edib.
Ostin deyib: “Əgər bunu etsəniz (taktiki nüvə silahının işə salınması), Ukraynada qüvvədə olan bütün məhdudiyyətlərə yenidən baxılacaq. Bu, Rusiyanı dünyada o dərəcədə təcrid edəcək ki, siz ruslar bunu təsəvvür belə edə bilməzsiniz”.
Şoyqu cavab verib: “Təhdid edilməyi sevmirəm”.
Ostin bildirib: “Cənab nazir, mən dünyanın ən güclü ordusuna rəhbərlik edirəm. Mən təhdid etmirəm”.
Vudvord iddia edir ki, iki gün sonra Moskva növbəti telefon danışığını istəyib. Daha sonra Şoyqu amerikalıları Ukraynanın “çirkli bomba”dan istifadə etmək planları haqda məlumatlandırıb, Ostin buna inanmadığını deyib.