Ərdoğan bu ölkələrə gedir: məscid açacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 10-dan 11-dək Albaniya və Serbiyada olacaq.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilir ki, Ərdoğanın səfəri çərçivəsində ikitərəfli əlaqələr, eləcə də müxtəlif sahələrdə mövcud əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparılması planlaşdırılır.
Ərdoğan hər iki ölkədə dövlətlər arasında yüksək səviyyəli əməkdaşlıq şurasının iclasına rəhbərlik edəcək.
Bundan əlavə, o, Albaniyada Türkiyə tərəfindən maliyyələşdirilən Tirana Namazkay məscidinin açılış mərasimində iştirak edəcək. Tədbirdə ölkənin baş naziri Edi Rama da iştirak edəcək.
Serbiyada keçiriləcək işgüzar konfransda Rəcəb Tayyib Ərdoğan və Serbiya Prezidenti Aleksandr Vuçiçin iştirakı da nəzərdə tutulub.
Ərdoğanın gündəmində qlobal və regional məsələlərlə yanaşı, Balkanlar və Fələstinin Qəzza zolağındakı vəziyyət və İsrailin Livandakı əməliyyatları da olacaq.
Səfərlər zamanı müxtəlif sazişlərin imzalanması planlaşdırılır.