Ermənistanın Bərdəyə raket hücumu - "Maşının içinə baxanda gördüm ki, atam yanıb həlak olub"
Bərdə Vətən müharibəsi zamanı ən çox atəşə məruz qalan şəhərlərdən biri olub.
Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də elan edilən humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq, dinc əhalini dəfələrlə hədəfə alıb. Oktyabrın 28-də şəhər sakinlərinin sıx hərəkətdə olduğu, ticarət obyektlərinin kompakt yerləşdiyi ərazi raketlə vurulub.
Terror qurbanlarından biri Qızıl Aypara Cəmiyyətinin əməkdaşı Məhərrəm Mustafayev olub. Şəhidin oğlu Elşən Mustafayev Baku TV-yə həmin dəhşətli gündən danışıb.
O qeyd edib ki, raket hücumu olan əraziyə hadisədən 15 dəqiqə sonra çatıb:
"Gözüm atamı axtarırdı ki, yaralı olub-olmadığını öyrənim. Maşının içinə baxanda gördüm ki, atam yanıb həlak olub".
Şəhidin anası Sehran Mustafayeva isə: "Mənim balam yemək yeməyə gəlirdi, şəhid oldu. Belə dəhşət, heç bəlkə, 1941-ci ildə də olmayıb", - deyə terror aktından danışarkən söyləyib.