Əczaçıların birinci respublika konfransı - Foto
Sentyabrın 25-də “Əczaçılar klubu” İctimai Birliyinin təşkilatçılığı ilə əczaçıların birinci respublika konfransı keçirilib.
Axar.az xəbər verir ki, konfransdan əvvəl İctimai Birliyin İdarə Heyətinin üzvləri Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib, məzarları üstünə güllər düzüblər.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Dövlət himninin səslənməsindən sonra konfrans öz işinə başlayıb. “Əczaçılar klubu” İctimai Birliyi İdarə Heyətinin üzvü Kərim Qardaşəliyev iştirakçılara konfransın gündəliyi haqqında məlumat verib.
Konfransda İdarə Heyətinin sədri Şövqi Bünyadov 2009-cu il sentyabrın 25-də İstanbulda Beynəlxalq Əczaçılar Federasiyası tərəfindən təsis edilən Beynəlxalq Əczaçılar Günü haqqında danışaraq bu il həmin günün “Hər kəs üçün təhlükəsiz və effektiv dərmanlar!” şüarı altında keçirildiyini bildirib. O, “Əczaçılar klubu”nun yaranma səbəbləri, fəaliyyət istiqamətləri barədə məlumat verərkən təşkilatın əsas vəzifəsinin əczaçılara öz işlərini vicdanla, ləyaqətlə yerinə yetirmək üçün yardım göstərmək, onların hüququ və maraqlarını müdafiə etməkdən, səhiyyə işçiləri və xəstələr arasında bir növ filtr rolu oynamaqdan ibarət olduğunu deyib. Qeyd edilib ki, bu sahədə əczaçılardan bilik, səbir, psixoloji yanaşma bacarığı, istehlakçının marağını hər şeydən üstün tutmaq və ən başlıcası, vicdan tələb olunur.
Tədbirin rəsmi sponsoru “Servier-Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rişad Təhməzov öz çıxışında İctimai Birliyin fəaliyyətini genişləndirməsi zəruriliyindən danışıb.
Azərbaycan Tibb Universitetinin əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva ölkəmizdə əczaçılıq sənayesinin keçdiyi inkişaf yolu, bu sahədə olan mövcud vəziyyət, həllini gözləyən problemlərdən bəhs edib.
Ölkəmizdə fəaliyyət göstərən əczaçılıq müəssisələrinin rəhbərləri Rəhim Babayev, Müşviq Hüseynov və başqaları, eləcə də əczaçı-provizorlar çıxış edərək əczaçılıq sahəsinin inkişafı ilə əlaqədar öz fikir və təkliflərini bildiriblər.