İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklikləri təsdiqləyib.
Bununla bağlı President.az məlumat yayıb.
Dəyişikliklə İnzibati Xətalar Məcəlləsində 220-ci maddə aşağıdakı redaksiyada verilir:
"Maddə 220. Qida təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması
220.1. "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qida zənciri obyektlərinin təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsinə görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
220.2. "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qida zənciri obyektlərinin və subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmadan qida sahəsində fəaliyyət göstərməsinə görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
220.3. Qida zənciri subyektləri tərəfindən qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərinin həyata keçirilməsi zamanı "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə əməl edilməməsinə görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
220.4. "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş məhsulların istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
220.5. Qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, yaxud müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılmasına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
220.6. İdxal olunmuş məhsulların idxal sağlamlıq aktı olmadan satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.