"Ermənilərin işğal altındakı torpaqlarda sərvətləri talaması dünyanın diqqət mərkəzində olmalıdır"- AÇIQLAMA
"Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü artıq 30 ildir ki, davam edir. İğalçı rejim tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində mövcud olan faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resursları, meşə fonduna daxil olan torpaqlar amansız istismar olunur, flora və fauna sistemli şəkildə məhv edilir".
Anews.az xəbər verir ki, bu fikirləri Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov deyib.
O qeyd edib ki, rəsmi məlumatlara əsasən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində özündə müxtəlif növ faydalı qazıntıları birləşdirən 163 yataq yerləşir: "Məlumdur ki, Azərbaycanın mineral ehtiyatlarının böyük bir hissəsi məhz işğal olunan ərazilərdə yerləşir. Azərbaycanın Kəlbəcər, Laçın, Tərtər, Ağdam ərazilərində yerləşən qızıl, gümüş, mis, molibden, civə yataqları, Cəbrayıl, Kəlbəcər, Laçını əhatə edən dəmir, xrom yataqları, Tərtər, Kəlbəcərdə yerləşən kükürd, Ağdam, Füzuli, Cəbrayıl ərazilərindəki qum, çınqıl, gil və digər faydalı qazıntı yataqlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni və intensiv şəkildə kəşfiyyat və hasilat işləri aparılır. İşğal olunmuş ərazilərdə aparılan bu cür qeyri-qanuni fəaliyyət nəticəsində əldə edilən gəlirlər işğalçı rejimin maliyyə təminatının çox böyük bir hissəsini təşkil edir. Qeyd etmək lazımdır ki, bu cür qeyri-qanuni fəaliyyətə bir çox xarici şirkətlər cəlb edilib ki, onların sırasında "Vallex Group”, "Base Metals”, "GeoProMining”, "GoldStar” və digər şirkətlərin adını çəkmək olar”.
O xatırladıb ki, Azərbaycan işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfi və onun xarici tərəfdaşları tərəfindən aparılan qeyri-qanuni fəaliyyətin ifşa olunması və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üzrə sistemli tədbirlər görülür: "Azərbaycan ərazilərində erməni işğalçıları və onların tərəfdaşları tərəfindən əlvan, qara metalların, habelə mineral su, ümumi yayılmış faydalı qazıntıların intensiv şəkildə hasilatı həyata keçirilir. Bu cür hasilatın həyata keçirilməsi zamanı ekoloji tələblərə heç bir formada əməl edilmir, resurslar faktiki olaraq Azərbaycan qanunvericliyi və beynəlxalq standartlarla müəyyən edilmiş istehsalat həcmlərini dəfələrlə aşmaqla hasil edilir, zəhərli tullantıların yerli su tutarlarına, çaylara axıdılmasının qarşısını almaq üçün heç bir tədbir görülmür. Bu isə öz növbəsində mineral və digər yataqların məhv edilməsinə, böyük həcmdə torpaq sahələrinin zəhərlənməsinə, şirin və içməli su mənbələrinin yararsız hala düşməsinə səbəb olur. İşğal olunmuş ərazilərdə kəskin müşahidə edilən digər bir problem çay şəbəkəsinin ciddi ziyana uğramasıdır. Belə ki, işğalçı rejimin yerli çayların üzərində çoxsaylı kiçik elektrik stansiyaları qurması səbəbindən çaylarda sululuğun kəskin azalması, həmçinin bu çaylarda yaşayan canlı növlərin kütləvi məhv olması barədə məlumatlar ictimai açıq mənbələrdə yayımlanır”.
S.Qurbanovun sözlərinə görə, Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə mütəmadi olaraq yanğınların törədilməsi də sadalanan ekoloji cinayətlər sırasına daxildir: "Bu cür yanğınların nəticəsində çox böyük həcmdə torpaq sahələri yararsız hala düşür, zəngin meşə fondu torpaqları məhv olmaq təhlükəsi altında qalır, yandırılan torpaq sahələrində mövcud olan flora və fauna nümunələri məhv edilir. İşğal olunan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin amansızcasına hasilatı, bu sərvətlərin işğalçı qüvvələrin ərazilərimizdə mövcudluğu və hərbi əməliyyatlar aparılması üçün əsas maliyyə mənbəyi olması, habelə işğal altında olan ərazilərin təbiətinin, endemik nümunələrinin, flora və faunasının məqsədli və sistemli şəkildə məhv edilməsi yalnız Azərbaycanın deyil, bütün digər dövlətlərin, beynəlxalq ətraf mühit fəallarının diqqət mərkəzində olmalıdır. Çünki ətraf mühitin qorunması məsələləri universal xarakter kəsb edir və yalnız bir dövlətin sərhədləri ilə məhdudlaşmır. Bu cinayətlər və onların zəncirvari qaydada törətdiyi nəticələr dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməli və onların önlənməsi üçün beynəlxalq səylər Azərbaycanın səyləri ilə birləşdirilməlidir. Azərbaycanın işğal edilən ərazilərində aparılan qeyri-qanuni iqtisadi fəaliyyətlərə müvafiq beynəlxalq instansiyalar və mexanizmlər çərçivəsində mütləq şəkildə hüquqi qiymət verilməlidir”.